"KapitalBank"dan daha bir özbaşınalıq - ŞİKAYƏT VAR
3-11-2016, 12:04
“Hepatitdən və beyinə qan çatışmazlığından əziyyət çəkirəm. Bir tərəfdən də bank işçiləri məni intihar həddinə çatdırıb”.
Ucarın Qarabörk kəndinin sakini Müşgünaz Hüseynovanın 66 yaşı var. Rayondakı 4 saylı orta məktəbdə 45 il ingilis dili müəlliməsi işləyib. Bu ilin iyununda işini elə ağır xəstəliyinə görə itirib. “Kapitalbank”ın Ucar filialından 2014-cü ilin noyabrında 2 min 500, 2015-ci ilin yanvarında 2 min manat kredit götürüb. İki kreditin ödənişi birləşdirilib və Müşgünaz Hüseynovaya aylıq 177 manat ödəniş müəyyən edilib.
Müşgünaz xanım deyir ki, aylıqları vaxtından əvvəl ödəyirmiş. Bankın ən intizamlı müştərilərindən hesab olunurmuş. Ancaq xəstəlik tapıb təqaüdə çıxandan sonra ödənişlərdə gecikmələr olub: “İşdən çıxanda banka getdim, başa saldım ki, vəziyyətim budur. Ağır xəstəliyə tutulmuşam, yaşlı arvadam, ərim də xəstədir, təqaüdümüz dərmana da çatmır. Möhlət verin, məni sıxmayın, əlimə pul düşdükcə ödəyim”.
Ancaq bank Müşgünaz xanımın kreditini ona zamin durmuş iş yoldaşı Afət Əzizovanın maaş kartından tutmağa başlayıb. Afət xanım deyir, dərs saatı az olduğundan məvacibi o qədər aşağıdır ki, heç Müşgünaz xanımın kreditinin aylığını ödəməyə də yetmir. Banksa zaminin kartındakı məvacibi son qəpiyinədək özünə götürür. Bu da onsuz da canıyla əlləşən Müşgünaz xanımı məyus edir: “Ayaqlarım tutulub, özüm gedə bilmədim, qızımı filialın müdirinin yanına göndərdim. Qızım getdi dedi ki, zaminin kartından tutmayın, mən anamın təqaüdündən gətirib az-az ödəyərəm. Ancaq bank müdiri razılaşmadı. Bank məni zaminin yanında da üzüqara eləyib”.
Müşgünaz xanımın deməsinə görə, bank zaminin kartına məhkəmə qərarı olmadan əl qoyub. O da bankın hərəkətlərindən baş prokurorluğa müraciət edib. Baş prokurorluqdan cavab almayanda Ucar məhkəməsinə üz tutub. Məhkəmə isə ərizəsini özünə qaytararaq bildirib ki, o, bankı məhkəməyə verə bilməz. Gərək bank onun özünü məhkəməyə versin: “Həyat yoldaşımın yaşı 70-i ötüb, insult keçirib, özüm də yataq xəstəsiyəm. Bu boyda “Kapitalbank” iki ahıl, xəstə insana zülm edir. 45 il müəllimə işləmişəm, dövlətdən bir qayğı görməmişəm. Yaşamağa evim də yoxdur... Bir daxmam vardı, onu da 10 ilə yaxındır zəlzələ yararsız vəziyyətə salıb. Yağış yağanda ortalığa vedrə, vanna yığıram. Divarları aralanıb, çöl görünür. O pulları da həyat yoldaşıma görə aldığım dərmanların borclarını apteklərə ödəmək üçün götürmüşdüm”.
“Kapitalbank”ın Ucar şöbəsindən isə bildirilib ki, Afət Əzizova Müşgünaz Hüseynovaya zamin durub. Borclu krediti ödəməyəndə bank həmin ödənişi zaminə istiqamətləndirir.
“Müşgünaz xanımın təqaüdü 230 manatdır. Niyə onun öz təqaüd kartından tutulmur, zaminin daha aşağı məbləğdə olan maaşından, həm də son qəpiyinədək tutulur? Ümumiyyətlə, məhkəmə qərarı olmadan vətəndaşın kartından pul tutmaq qanunidirmi?” suallarına isə bankdan “baş ofisimizə müraciət edin, oradan suallarınızı cavablandırsınlar”, cavabı verilib.