“Anbarlar idxal malları ilə ağzına kimi doldurulub, müsbət dəyişiklik gözləmək hələ tezdir”
3-11-2016, 12:14
Bu gündən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib.
Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Modern.az-a açıqlamasında deyib ki, qərar yerli istehsalı stimullaşdırmaq üçün müsbət addım olsa da, onun təsirlərini hələ uzun müddət hiss etməyəcəyik:
“Bu qərar qüvvəyə minənə qədər ayrı-ayrı sahibkarlar idxal malları o qədər gətiriblər ki, anbarları ağzına qədər dolub. Qərarın müsbət tərəfi hələ may ayına qədər görünməyəcək, bu bir günün işi deyil. Quş əti, onun hissələri və s. ilə bütün soyuducu anbarları doldurublar. Anbarlar boşalana qədər bu proses hələ davam edəcək.
Qərar özlüyündə çox müsbətdir. İstehsal artacaq, bazarın imkanları genişlənəcək”.
A.Vəliyev deyib ki, bir müddət sonra bazarda yalnız yerli mallar olacaq:
“Onsuz sahibkarlar neçə illərdir idxal mal gətirirdilər, indiyə kimi dözmüşük. Maydan sonra hər halda bizim istehsalımız daha çox genişlənəcək. Əhali yerli mallarla təmin olunacaq. Daxili bazarın tələbatını ödəmək üçün də yetərli imkanlarımız, işçi qüvvəmiz var. Bazarda sırf öz mallarımız olacaq”.
Sədr milli valyutanın dəyərdən düşməsinin bazara təsirlərindən danışıb:
“Manatın məzənnəsinin ucuzlaşması ilə əlaqədar bəzi müəssisələrə müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Nazirlər Kabinetinin qərarı tam şəkildə bazara təsir edəndə onlar da öz fəaliyyətlərini bərpa edəcəklər”.
Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilir.