Nazir bunları bilirmi? - İTTİHAM VAR

8-11-2016, 17:29           
Nazir bunları bilirmi? - İTTİHAM VAR
Bu günlərdə redaksiyamıza yeni daxil olan məlumatlarda Bərdə rayon Maliyyə İdarəsinin fəaliyyətindən müxtəlif şikayətlər öz əksini tapmışdır. Qeyd edək ki, hazırda bu quruma rəhbərlik edən Mehman Allahverdiyev Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsinə az müddət əvvəl təyin olunmuşdur. Bundan əvvəl isə, Mehman Allahverdiyev Yevlaxın maliyyə idarəsinə rəhbərlik edib. Lakin bu yaxınlarda Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovla quda olduqduğuna görə, məmurlar eyni bir rayonda iki qohum məmurun işləməsindən söz-söhbət doğacağını nəzərə alaraq, Mehman müəllimin transferinə qərar vermişlər. Amma məsələ bundadır ki, söz-söhbətlər, başqa cür desək, vətəndaşların narazılıqları təkcə qohumların bir yerdə işləmələrindən yaranmır. Əksinə, hətta deyərdim ki, bu qohumların işi rayonun inkişafına, yerli əhalinin rifah yüksəlişinə xidmət edərsə, əksəriyyət bu hala məmnuniyyətlə göz də yumar. Amma təəssüflər olsun ki, Mehman Allahverdiyevin fəaliyyəti nə Yevlaxda, nə də indi Bərdədə heç bir inkişafa səbəb olmur. Buna görə də yerliictimaiyyət maliyyə şefinin maxinasiyalarından şikayətlər edir, müxtəlif instansiyalara narazılıq ifadə edən müraciətlər ünvanlayırlar. Digər tərəfdən isə, Bərdədən daxil olan məlumatlarda Mehman Allahverdiyevin bu rayonun icra başçısı Vidadi İsayevlə də qohumluq əlaqələrində olduğu bildirilir. Amma son nəhayətdə, Mehman müəllimin ən nüfuzlu qohumu olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adı çəkilir. Mənbə iddia edir ki, bu şəxslər doğma xalaoğludurlar. Yaranmış vəziyyətdə, yəni “üç tərəfli” himayəyə malik olan bir məmurun Bərdənin maliyyə idarəsinə rəis təyin olunmasında ən “ziyanlı” çıxan bu rayonun büdcə təşkilatları olublar. Daxil olan məlumatlara görə, icra başçıları ilə yaxın qohumluq əlaqələri maliyyə rəisinin əl-qolunu elə açıb ki, Mehman Allahverdiyev istədiyi maxinasiyanı arxayın şəkildə tam aşkar formada həyata keçirə bilir. Belə məlumatlardan birində isə deyilir: “Hazırda maliyyə rəisi büdcə təşkilatlarına və xüsusən də uşaq bağçalarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata əməl etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacaq. Odur ki hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar. Mehman Allahverdiyev idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir. Bəyan edir ki, o, üç icra başçısı tərəfindən mühafizə olunur və hətta Maliyyə nazirinin də ona gücü çatmır...”

Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, Mehman Allahverdiyevin öz işində yol verdiyi bir çox ciddi nöqsanlar, hələ onun Yevlaxda işlədiyi vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub. Lakin məlum səbəblərdən həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Təbii ki, əlaqədar instansiyaların problemlərə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının daha da artmasına səbəb olur. Rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə idarələrinin bir çoxu isə, müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər. Aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev də bu cəhətdən kifayət qədər etibarlı şəkildə “sığortalanmış” məmurlardandır.

Qarşı tərəfin də məsələyə münasibət bildirməsini təklif edirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.