Baş həkim qəribə şantaj üsulu seçib - İDDİA
12-11-2016, 12:37
Sumqayıt şəhər Rayonlararası Göz xəstəxanasının baş həkimi İradə Əliyevayla bağlı Ölkə.Az-ın redaksiyasına ilginc iddialarla dolu məktub daxil olub. Məktubda bildirilir ki, İ.Əliyevanın özbaşınalıqlarına görə, sözügedən tibbi müəssisəsini son illərdə bir neçə həkim tərk edib:
"Baş həkim özü qəbul şöbəsində oturur və baxmayaraq ki onun baş həkim otağı xəstəxananın digər ərazisində yerləşir xəstələri şəxsən qəbul şöbəsində qəbul edir. Hər qəbul olunan xəstəyə görə isə 35 manat fond pulu yığır. Amma son zamanlar onun əməlləri mətbuatda işıqlandırıldığından bir sıra nöqsanlarını düzəldib. Məsələn, xəstəxanada faktiki xəstə sayından çox şəxslər qeydiyyata salınırdı, onlara əlillik və hərbidən təxlis olunmaları üçün sənədlər verilirdi. Növbətçi həkimlərdən birinin bayram günü gecə növbəsində olduğu zaman qeydiyyatda olan 32 xəstədən 20-nin yerində olmadığı üçün xəstələri stasionardan çıxarış edib və buna görə töhmət alıb. Səhəri gün isə bütün tibb bacıları həmin həkimin üzünə durdular ki, gecə saat 2-də bütün xəstələr yerlərinə qayıtdılar, amma siz qəbul etmədiniz. Soruşanda ki, gecə saat 2-də gözdən əlil xəstələrin küçədə nə işi var? Deyirlər ki, parkda gəzirlər. Sumqayıt şəhər Rayonlararası Göz xəstəxanasında cəmi bir nəfər həkim əməliyyat edir. Xəstəxanada heç bir tibbi avadanlıq yoxdur. Bir neçə dəfə xəstəxananı əsaslı təmirə dayandırmaq istəsələr də baş həkim imkan verməyib ki, öz hesabımıza təmir elətdirəcəyik. Çünki, o zaman baş həkim xəstələrin qəbulundan əldə etdiyi maliyyə vəsaitlərindən məhrum olur. Bundan sonra həkimlərdən 250-1000 manat arası pul yığılıb ki, guya xəstəxana təmir ediləcək. Maraqlıdır ki, baş həkimi işindəki kobud nöqsanlara görə işdən çıxartsalar da, bir həftə sonra işə bərpa olunub. Sonrakı aylarda isə mükafatlar və “Əməkdar həkim” adını alıb. İndi isə deyir ki, mənim fəxri adım var, mənə heç nə edə bilməzsiniz. Səhiyyə Nazirliyində, Sumqayıt Səhiyyə Şöbəsində (Xalidə xanım, Bərxudar həkim), Prokurorluqda adamları var deyə heç kim heç nə edə bilmir. Hətta Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev isə İradə Əliyeva ilə qanun çərçivəsində danışmağa ehtiyyat edir. Baş həkim isə onun verdiyi heç bir tapşırığa əməl etmir".
Məktubda bildirilir ki, baş həkimin öz gözündə ciddi problem olduğu halda, belə bir tibb müəssisəsinə rəhbərlik etməsi yolverilməzdir: "Fikir versəniz, baş həkim həmişə tünd eynək taxır. Çünki bu adamın gözündə çəplik (iki görmə) var. Maraqlıdır, belə gözdən problemi olan, cərrahi qabiliyyəti və yeniliklərdən xəbəri olmayan baş həkim necə Rayonlararası xəstəxanaya rəhbərlik edir, əməkdar həkim adını alır. Təbii ki, pul və himayədarlarının hesabına. Araşdırma aparılsa, məlum olar ki, stasionar diaqnozu olmayan xəstələri xəstəxanaya yerləşdirməklə, xəstə sayını artırır. Səbəb budur ki, xəstəxana əsaslı təmirə dayanmasın. Xəstələrlə işçiləri üz-üzə qoyur. Əməliyyatları isə öz adına yazdığı halda onun əvəzinə başqa kişi həkim edir və xəstə hiss etməsin deyə həmin həkimin üzərinə baş hakimin parfümü vurulur. Sonra isə əməliyyatı mən elədim deyir və xəstənin yaxınından “əməliyyat haqqı”nı özü alır. Xəstəxananın avadanlıqları digər özəl müəssisələrə kirayə verilir.
Xəstəxanada bir normal mikroskop var ki, o da baş həkimin otağındadır. İstərdim ki, mənzərəni özünüz də gəlib görəsiniz. Bir də qeyd edim ki, hərbi çağırışçıları Bakı şəhərində stasionarda saxlamırlar, bir günə aktı yazıb verirlər. Amma İradə Əliyeva hərbi çağırışçıları bu pis vəziyyətdə olan xəstəxanada qalmağa məcbur edir. Çağırışçılar imtina etdikdə isə pul alıb evə buraxır. Əlillik dərəcəsi almaq istəyənlərə pul alıb həkimlərə istədiyi diqanozu yazmağa məcbur edir. Yazmaq istəməyən həkimləri isə incidir, hədələyir, iş saatından artıq işləməyə məcbur edir, artıq növbə yazır. Səhiyyə Nazirliyinə və maliyyə pozuntularına görə Maliyyə Nazirliyinə və digər aidiyyatı qurumlara bu barədə yazılsa da özbaşınalıqlar hələ də davam edir. İstərdik ki, mətbuat, televiziyalar özləri gəlib buradakı mənzərəni işıqlandırsınlar".