Müəllimi döydüyü iddia olunan məktəb direktorundan ilginc açıqlamalar
12-11-2016, 18:13
Sahib Babayev:"Hadisə Şahdağ məktəbinin direktoru tərəfindən təşkil olunub"
Noyabrın 11-də Gədəbəy rayonunun Çobankənd orta məktəbinin direktoru Sahib Babayevin məktəbin müəllimi Qəhrəman Əliyevi döyməsi ilə bağlı xəbər yayılıb.
Məlumatda orta məktəb müəlliminin aldığı bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi deyilir.
Hadisə ilə bağlı yeni ilginc faktlar ortaya çıxıb. Belə ki, rayonun Şahdağ kənd orta məktəbinin direktoru Ramiz Əliyevin hadisədə əlinin olduğu iddia olunur. Bu barədə hadisənin əsas "qəhrəmanı" olan S.Babayev musavat.com-a açıqlamasında məlumat verib. Məktəb direktoru hadisənin təfərrüatları barədə geniş danışaraq öz iddiasını bu cür əsaslandırıb:
"Noyabrın 11-də səhər saat 09:30 radələrində Qəhrəman müəllim otağıma gəldi. Həmin gün onun ümumiyyətlə, məktəbdə dərsi yox idi. Mətbuatda gedən xəbərlərin tam əksi baş verib. Sadəcə planı qurub və dərhal mətbuata ötürüblər. O yazı yazdığım halda qəflətən üstümə hücum çəkdi, stolu başıma çırpdı. Mən də özümü müdafiə etmək üçün onu itələyib bayıra çıxardım. Çünki mənə qarşı plan qurulduğunu dərhal hiss etdim.
Tamamilə qurama hadisədir. Özü də Qəhrəman müəllimin əmisioğlu Ramiz Əliyev tərəfindən təşkil olunub. Ramiz Əliyev hazırda Çobankəndlə qonşu olan Şahdağ məktəbinin direktorudur. Onunla əvvəllərdən aramızda şəxsi münasibətlərdə soyuqluq olub. Mətbuata bunları açıqlamaq etik olmazdı.
Qəhrəman Əliyev şəkər xəstəsidir. Mən ona əlimi belə vurmamışam. Xəsarət aldığı barədə həkim rəyi almaq üçün özünü ora-bura vurub, xəstəxanaya qaçıb. Deyilənlər tamamilə yalandır, akt da var. Dəfələrlə belə hallar baş verib. Sadəcə oyuna gəlməmişəm.
O fizika müəllimidir və məktəbdə cəmi 12 saat dərs olduğu halda, biz ona 16 saat dərs vermişik. Bundan artıq ona dərs vermək mümkün deyil. O mənə xəsarət yetirib, amma mən şikayətçi olmamışam. ATV telekanalı da bu barədə çəkiliş aparıb. Axşam göstəriləcək".
teref.az