Generalın sürücüsü vətəndaşın yerini necə ələ keçirib? - Şikayət + VİDEO

14-11-2016, 09:41           
Generalın sürücüsü vətəndaşın yerini necə ələ keçirib? - Şikayət + VİDEO
Bakı şəhər sakini Muradov Elşad Ərşad oğlunun qanuni torpaq sahəsi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun sabiq sürücüsü Kamil Fərzəliyev tərəfindən zəbt olunub.

Mia.az xəbər verir ki, bu barədə Azinform.az saytına şikayətçinin özü məlumat verib.

Şikayətçinin sözlərinə görə, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncamda göstərilir ki, Baş Dövlət Yol Polisi İdarəsinə yaxın yerdə onlara 24 kvadratlıq tikili inşa etmək üçün icazə verilib.

Onlar işə başlayanda məlum olub ki, həmin ərazidə hansısa qüdrətli bir adam böyük tikili inşa etdirməyi planlaşdırır.

Şikayətçi bildirir ki, həmin vaxt onlara Ramiz Zeynalovun adından tikilini dayandırmağı tələb ediblər:

"Sonra biz müxtəlif cəhdlər etdik ki, öz halal torpağımızda nəsə tikək, yenə alınmadı. Həmin vaxt Kamil Fərzəliyev Ramiz Zeynalovun sürücüsü işləyirdi. Hazırda o, təqaüdədir və gedən proseslərdən məlum oldu ki, mənə məxsus olan ərazini də zəbt edərək hasarına qatdıqları böyük bir tikilinin qanuni sahibi qismində Ramiz Zeynalovun sabiq sürcüsü çıxış edir.

Bütün yerlərdən əlim üzüləndən sonra, mən qanuni haqqımı tələb etmək üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə müraciət etdim. Hakim Tale Kərimovun sədrliyilə keçirilən prosesdə mənə qanuni haqqlarımı həyata keçirməyə mane olan halların aradan qaldırılmasına dair qərar çıxarıldı. Sadə dillə desək, mənim iddiam təmin olundu. Çox təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Saqi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cavadeh tərəfin verdiyi apellyasiya şikayəti təmin edildi. Həmin qərara əsasən mən yenə öz qanuni haqqlarımdan mərhum olmuşam.

Təbiidir ki, haqqımın tanınması üçün daha yuxarı məhkəmə instansiyasına müraciət edəcəm. Ancaq mənə açıq sürətdə deyillər ki, arxasında qüdrətli adamların durduğu prosesi udmaq şansım yoxdur. Bu səbədən də sizin sayt vasitəsilə məsələni ictimailəşdirmək qərarına gəldim ki, bu məsələyə həm də ictimai nəzarət olsun.

Mən öz halal haqqımdan başqa nəsə tələb etmirəm. Adi bir sürücünün deyilən həcmdə mülkə sahib olması inandırıcı görünmür.

Çox yaxşı olardı ki, Kamil Fərzəliyevin güvəndiyi adamlar halallıq prinsipini təmin olunmasına cəhd etsinlər”.

Yazıda adları hallanan bütün şəxslərin mövqeyinə yer verməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.