Zığ yolundakı ağacları kəsən şəxs 15 min manat cərimələndi

9-06-2015, 16:07           
Zığ yolundakı ağacları kəsən şəxs 15 min manat cərimələndi
Zığ yolunda yaşıllıqları məhv edən şəxs 15 min manat məbləğində cərimə olundu.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, Zığ magistral yolu ətrafındakı ərazi tullantılardan təmizlənib, mineral gübrələr verilib, sahəyə minlərlə kubmetr münbit torpaq və peyin daşınıb, 900 hektara yaxın sahədə nazirlik tərəfindən 23 min ağac əkilib. Bütün bunlara baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınan yaşıllıqlar zəbt edilərək, ərazidə qanunsuz tikinti işləri aparılmağa cəhd göstərilir. Zəhmət hesabına bir neçə ilə ərsəyə gələn yaşıllaşdırma sahəsi dağıdılıb, 400-ə yaxın ağaca kimyəvi maddələr verilərək ağaclar qurudulub.

Nazirliyin işçiləri bütün mümkün vasitələrdən istifadə edərək qalan ağacların məhv edilməsini dayandıra bilib. Hətta öz həyatları bahasına sahibkarın adamları ilə qarşıdurmaya belə gedib və ərazidə dağıntı işlərinin davam etməməsi üçün nazirliyin əməkdaşları orada keşik çəkir.

ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti əraziyə iddialı şəxs, qanunsuz tikintiyə cəhd göstərən Vüsalə Babayevanı ağacları məhv etdiyinə görə 15 min manat məbləğində cərimə edib.

Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.