Keçmiş deputatdan şirkət prezidentinə xəbərdarlıq
10-06-2015, 00:17
"Azərsu" hər il ənənəyə sadiq qalaraq Azər Manafov küçəsindəki əsas kollektoru təmir edəcək. Bir neçə ev uçmasına, darvazalar dağılmasına baxmayaraq "korrupsiya" imkan vermir ki, bir dəfə normal təmir olunsun. Bu küçədə böyük kollektor keçir, hər il qəza baş verir, vətəndaşların əmlakına ziyan dəyir. Hər il "Azərsu" asfaltı dağıdır, bir neçə gün bütün kommunikasiyanı iflic edir, ancaq çox keçmir ki, hər şey yenidən təkrarlanır və sakinlərin əsəbləri tarıma çəkilir."
Bu fikirlər keçmiş millət vəkili Nazim Məmmədovun yazdığı statusdan götürülüb. Şikayətçi gileylənir ki, 1-ci Avropa Oyunları qapımızda olduğu bir vaxtda oturduqları yerdə işə düşüblər...
Eks-deputat Moderator.az-a da bunları danışıb:
"İki il bundan öncə beton boruları gətirib tökdülər küçənin qırağına, onu da bir - bir daşıdılar apardılar məlum olmayan tərəfə. Hər il büdcə vəsaitləri beləcə səmərəsiz xərclənir, insanlar normal xismət istəyirlər, ancaq bu işə cavabdehlər öz məsuliyyətlərini hələ də hiss etmirlər. Mən deputat olanda da bu hallar mütəmadi baş verirdi, indi də. Mən başa düşə bilmirəm, problemi köklü surətdə həll etmək bu qədərmi zordur? Olmaya o boyda qurum bir kollektorun əlində girinc qalıb? Bəlkə xaricdən mütəxəssis cəlb etsinlər? Təsəvvür edin ki, haqqında bəhs etdiyim ərazi Olimpiya stadionu ilə üzbəüz yerləşir. Sakinlər də şam işığında Olimpiya stadionun bərq vuran rəngarəng işıqlarına baxıb söz tapa bilmirlər. Mən fürsətdən istifadə edərək qurumun rəhbəri Qorxmaz Hüseynova müraciət edirəm. Nəhayət üzləşdiyimiz problemin kökündən həlli üçün müvafiq göstərişlərini versin və məsələni şəxsi nəzarətinə götürsün, əks halda vəziyyət heç də ürəkaçan olmayacaq."