Sosial Müdafiə Fondunun Yevlaxdaki idarəsindən bolluca şikayətlər var
19-06-2015, 11:53
Təqaüdlərini gecikmələrlə alan sakinlər
Bildiyimiz kimi, ölkəmizdə məcburi dövlət sosial sığortası və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Dövlət Sosial Müdafiə Fondudur (DSMF). Dövlət tərəfindən bu istiqamətə mütəmadi olaraq diqqət artırılsa da, bu gün bəzi idarələrdə vəziyyət o yerə çatıb ki, burada vətəndaşların şikayətlərinə baxılmır, onlar get-gələ salınır və müxtəlif bəhanələr gətirilərək incidilirlər.
Bu gün hazırkı mövzu ətrafında söhbət açmağımız da əbəs deyil. Belə ki, son zamanlar DSMF-nin bəzi yerli şöbələri ilə bağlı narazılıqların sayı xeyli artıb. Buna misal olaraq Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsində cərəyan edən qanundankənar hərəkətləri və məmur özbaşınalıqlarını göstərmək olar. Deyilənə görə, DSMF-nin Yevlax rayon şöbəsinin müdiri işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinət alarkən süni əngəllərlə qarşılaşmalı olurlar. Vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalidən haqlı-haqsız nələrsə istənildiyini qeyd edən şikayətçi iddia edir ki, artıq rayon sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər. Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsində adi hal alıb. Təqaüdlərin bəzi yollarla artırılmasına tez-tez rast gəlindiyini deyən rayon camaatının bildirdiyinə görə, şöbə müdiri özü birbaşa heç kimlə təmasda olmasa da, bu işi onun tabeliyində çalışan bəzi şəxslər həyata keçirirlər. Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür, bu durum şöbə müdirini zərrə qədər də olsun maraqlandırmır. Əks halda Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsində heç kim "staj" artırmaqla məşğul olmazdı. Daha dəqiq desək, şöbə müdiri özünə yaxın bildiyi şəxslərin vasitəçiliyi ilə qanunsuz yollarla pensiya almaq istəyən insanlara "əl tutur". Onu da diqqətinizə çatdıraq ki, Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsinin müdiri Zərifə Əzizovadır. Əldə edilən məlumatlarda Zərifə Əzizovanın bu cür sərbəstliyi qurumda istədiyi kimi hərəkət etməsi yuxarılarda kiməsə arxayın olması ilə bağlıdır. Qeyd etdiyimiz kimi o özü birbaşa vətəndaşlarla ünsiyyət qurmasa da, qurumda çalışan əməkdaşlar ona fikirlərini çatdırmaqda yardımçı olurlar. Əldə edilən məlumatlara görə, şöbənin əməkdaşlarının bir neçəsi vətəndaşlarla normal ünsiyyət qurmur. Ya onlara yuxarıdan aşağı baxırlar, ya da müraciətlərinə xoşa gəlməyən tərzdə cavab verirlər. Bu sahədə mövcud olan neqativ hallar artıq pik nöqtəyə çatmaq üzrədir. Həmçinin bütün bu sadalananlarla yanaşı, rayonda pensiya alan vətəndaşlar hər ay əsəb keçirməli olurlar. Çünki pensiyalarını vaxtında ala bilmirlər. Şöbənin işçiləri isə, gecikməni müxtəlif bəhanələrlə izah edərək müdirin qanunsuz əməllərinin üstünü ört-basdır edirlər. Bütün sadalananlardan, əldə edilən məlumatlardan belə bir qənaətə gəlmək olar ki, bu gün həqiqətən də, Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsində ciddi araşdırmalara ehtiyac var. O araşdırmalar ki, mövcud problemlərin, qanunsuzluqların aradan qaldırılmasında başlanğıc olacaq./Gun-Bakı/