Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır

Bu gün, 11:41           
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır
Oktyabrin 21-də Bakı şəhərinin Sabunçu rayonunda yerləşən tuneldə hərəkət edən avtomobillərdən ikisinin sürücüsü yağışdan yaranan sularda batmadı, əslində kanalizasiya korrupsiyasında boğularaq həyatını itirdi. Bu hadisə dövlət büdcəsindən ayrılan vəsaitlərin, Dünya Bankından verlən kreditlərin, əhalidən yığılan su pullarının nə qədər səmərəli xərcləndiyinin göstəricisidir. Bu yazıda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaranmamışdan öncə “Azərsu” ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin, Dünya Bankından və digər beynəlxalq təşkilatlardan maliyyə yardımlarının, su istehlakçılarından yığılan xidmət haqqlarının üzərində qurulan korrupsiya piramidasından və Bakı şəhərinin pis idarəçiliyindən bəhs edilir.

Öncə onu qeyd edək ki, Dünya Bankının Azərbaycan üçün təsdiq etdiyi ilk layihə su sektorunda olub. Hələ 1995-ci ildə təsdiq edilmiş Böyük Bakının Su Təchizatının Bərpası Layihəsi çərçivəsində Dünya Bankı “Azərsu” ASC-yə dövlət zəmanəti ilə 100 milyon dollar qədər vəsait ayrılmışdı. Bunun ardınca Dünya Bankı “Azərsu” ASC ilə “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi I və II” layihələrini həyata keçirib. Beləliklə də Dünya Bankı bu iki layihə çərçivəsində su təchizatı və kanalizasiya xidmətlərinə bütövlükdə 700 milyon dollardan artıq vəsait ayırıb[1].

Maliyyə Nazirliyinin məlumatına[2] görə, “Azərsu” ASC-nin 01 yanvar 2023-cü il tarixinə xaricdən cəlb edilməsi nəzərdə tutulan borcları 1 milyard 184,2 milyon dollar, faktiki borcları isə 767,7 milyon dollardır. Bu kreditin əsas hissəsi dövlət zəmanəti ilə alınaraq icraçıya ötürülən boclardır.

Bununla yanaşı yə “Azərsu” ASC dövlət zəmanəti ilə Almaniyanın KfW dövlət bankı, Fransanın korporativ və investisiya bankı “Natixis”-dən Asiya İnkişaf Bankından (ADB) və Maliyyə Nazirliyindən borc vəsaitləri cəlb edib. “Azərsu” ASC-yə Dünya Bankından və digər beynəlxalq təşkilatlardan ayrılmış kredit vəsaitlərinin böyük hissəsi dövlət büdcəsindən ayırmalar hesabına qaytarılır. Çünki, “Azərsu” yaranandan indiyə qədər maliyyə fəaliyyətini zərərlə başa vurur. Bu günə qədər “Azərsu” açıq səhmdar cəmiyyətinin yığılmış zərəri 8 milyard manatdan çoxdur və bu məbləğ hər il artır. Belə ki, “Azərsu” ASC-nin son dəfə açıqladığı 2022-ci il üçün maliyyə hesabatına görə[3], səhmdar cəmiyyət 2022-ci ili 180,514 milyon manat xalis zərərlə başa vurub. Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 2,3% artaraq, 8 milyard 36 milyon manata çatıb. Yeri gəlmişkən onu da qeyd edək ki, 2024-cü ilin başa çatmasına 2 ay 1 həftə vaxt qalmasına baxmayaraq, “Azərsu” ASC-nin 2023-cü il üçün maliyyə hesabatı hələ də açıqlanmayıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, zərərlə işləyən “Azərsu” ASC-nin Almaniyanın “Heerim” və Cənubii Koreyanın “Halla” şirkətlərinin iştirakı ilə həyata keçirdiyi ofis binasının tikiintisi layihəsinin ümumi dəyəri 120 milyon dollar və ya 204 milyon manat olub[4].

2022-ci ci il üçün hesabat məlumatlarından o da görünür ki, 2023-cü il yanvarın 1-nə “Azərsu” ASC-nin aktivləri 1 milyard 298 milyon manat olub ki, bu da illik müqayisədə 27,1% çoxdur. 2022-ci ildə səhmdar cəmiyyətin öhdəlikləri 15,6% artaraq 668,881 milyon manata, balans kapitalı isə 42% artaraq 629,124 milyon manata çatıb.

“Azərsu” ASC-nin 2022-ci ildəki maliyyə fəaliyyətini xarakterizə edən hesabata[5] görə, səhmar cəmiyyətin “içməli su və kanalizasiya xidməti”nin satışından gəlirləri 278,894 milyon manat (əvvəlki illə müqayisədə 6,1% çox), satışlarının maya dəyəri 134,225 milyon manat (əvvəlki illə müqayisədə 4,3% baha), inzibati xərcləri 43,175 milyon manat (əvvəlki illə müqayisədə 50,1% çox), satış və paylanma xərcləri 159,368 milyon manat (əvvəlki illə müqayisədə 8,7% çox), digər əməliyyat xərcləri 132,394 milyon manat (əvvəlki illə müqayisədə 4,2 dəfə az), məzənnə fərqindən gəliri 9,705 milyon manat (əvvəlki illə müqayisədə 5,9% az), digər gəlirləri 2,394 milyon manat (əvvəlki illə müqayisədə 13,5 dəfə az), maliyyə xərcləri 2,27 milyon manat (əvvəlki illə müqayisədə 34,2% az), icarə öhdəlikləri üzrə faiz xərcləri 53 min manat (əvvəlki illə müqayisədə 11,7% az), mənfəət vergisi ödəmələri isə 22 min manat (əvvəlki illə müqayisədə 27,2 dəfə az) təşkil edib. Göründüyü kimi, “Azərsu” ASC-nin 2022-ci ildə əsas fəaliyyətindən gəlirləri və inzibatı məsrəfləri, satış və paylanma xərcləri artıb. Hesabat məlumatları arasında diqqəti cəlb edən müsbət dəyişiklik digər əməliyyat xərclərinin, zərərin və borc öhdəliklərinin azalması tendensiyasıdır. Belə ki, "Azərsu" ASC-nin 2022-ci ildə digər əməliyyat xərcləri 132,394 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4,2 dəfə azdır. Zərərə gəlincə, bu göstərici 2021-ci illə müqayisədə 371 milyon 716 min manat və ya 67,3% azalıb. Bununla yanaşı, “Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi 2023-cü il yanvarın 1-nə 255,329 milyon manat təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 1,8 % azdır.

2023-cü il iyulun 1-nə artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-nin 1 792 731 abonenti olub[6]. Bu, ötən il iyulun 1-i ilə müqayisədə 4,5% çoxdur. Abonentlərin 1 721 644-ü (96%) əhali, 71 087-i (4%) isə qeyri-əhali qrupu abunəçiləridir. Göründüyü kimi, "Azərsu" ASC-nin abonentlərinin sayında da artım müşahidə olunur. Bu onun xidmət haqqı gəlirlərinin səviyyəsinə artırıcı təsir göstərən dəyişiklikdir.


Nəhayət onu da qeyd edək ki, "Azərsu" ASC dövlət büdcəsindən ən çox subsidiya alan və dövlətin investisiya xərclərindən pay götürən ictimai xidmətlər təklif edən böyük təşkilatlardan biridir. Rəsmi statistik məlumatlara görə, əlavə ödənilmiş kapitaldakı vəsaiti də nəzərə alınmaqla 2015-ci ilin sonuna “Azərsu” ASC-yə əvəzsiz verilmiş dövlət investisiyalarının məbləği 4.3 milyard manat, 2019-cu ilin sonuna isə bu məbləğ 6.9 milyard manat olub. 2022-ci ildə dövlət büdcəsindən[7] 4.3 milyon manat "Suez Group" şirkəti qarşısında yaranmış maliyyə öhdəliyinin yerinə yetirilməsi üçün "Azərsu" ASC-yə verilib. Hesablama Palatasının rəyinə[8] görə, 2020-ci ildə "Azərsu" ASC dövlət büdcəsinə daxilolmalar 10,6 milyon manat təşkil etdiyi halda həmin il üzrə dövlət büdcəsindən icra edilmiş xərclərin məbləği 401,7 mln. Manat təşkil edib. Yəni "Azərsu" ASC 2020-ci ildə dövlət büdcəsində ödədiyindən 40 dəfəyədək çox məbləği büdcədən alıb.

2023-cü ilin dövlət büdcəsinin icrası barədə təqdim edilmiş məlumatlardan[9] aydın olur ki, dövlət əsaslı vəsait qoyuluşu üzrə “Azərsu” ASC-yə 192,8 milyon manat vəsait ayrılıb ki, onun da 48,7 faizi və ya 93,9 milyon manatı 4-cü rübdə icra olunub. Araşdırmalar göstərir ki, büdcə ilinin sonunda, 4-cü rübdə xərclənən vəsaitlərin bir hissəsi sənərlər vasitəsilə rəsmiləşdirilərək, silinir.

Yekun olaraq onu qeyd etmək istərdim ki, “Azərsu” ASC yarandığı dövrdən indiyədək 10 milyard manatdan çox büdcə vəsaitinin, 1 milyard dollardan çox borc vəsaitinin və 1 milyard manatdan çox xidmət haqqını su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması və inkişafı layihələrinə xərcləyib. Hazırda “Azərsu” ASC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzdində su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması və inkişafı istiqamətində tələb olunan investisiya proqramlarının hazırlanması və icrası ilə məşğuldur. “Azərsu” ASC «2011-2013-cü və 2014-2016-cı illərdə Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları»nın icrasına cəlb olunaraq milyardlarla manat dövlət investisiyalarının icraçısı olub. Lakin hələ də "Abşeron kəndlərinin bir çoxunun kanalizasiya sistemi, tullantı sularının axar çıxışı yoxdur. Çünki, bu vəsaitlərin böyük hissəsi yalançı tenderlər vasitəsilə mənimsənilib və paytaxt Bakının su təchizatının və kanalizasiya sistemi də ona görə bərbad haldadır, adi leysan yağışlar insan ölümü ilə nəticələnən fəsadlar yaradır.

“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Baş nazir Əli Əsədovun 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilib. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalibi olan Almaniyanın “AS+P Albert Speer + Partner Gmbh” şirkəti tərəfindən hazırlanıb. Onun hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib. Baş planın icrasına, ümumilikdə, 93,6 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Sənədə əsasən, bunun 60,5 milyard manatı neft gəlirləri ilə doldurulan dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək. Qeyd edilən dövrədək ərazi inkişafı üzrə 47,6 milyard manat vəsait xərclənəcək və bunun 30,9 milyard manatı özəl sektorun, 16,7 milyard manatı dövlət sektorun payına düşəcək. Göründüyü kimi indiyədək on milyardlarla vəsait xərclənməsinə baxmayaraq “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın icrasına əlavə olaraq 93,6 milyard manat vəsait xərclənməsi nəzərdə tutulub. Heç şübhəsiz ki, bu pulların çox hissəsi infrastruktur layihələrinin icrasına yönələcək və hazırkı qeyri-şəfaff və hesabatsız idarəçiliklə mənimsəniləcək. Odur ki, aşağıdakı islahatlar həyata keçirilməlidir:

Şəffaflıq və hesabatlılıq artırılmaqla, tenderlərin rəqabətli keçirilməsi təmin edilməklə korrupsiya qarşı mübarizə gücləndirilməlidir;
Kommunal sektorun, o sıradan da su təchizatı və kanalizasiya sisteminin idarəçiliyinə investisiya müsabiqələri vasitəsilə özəl bölmə cəlb edilməlidir.
Azad və ədalətli seçki vasitəsilə Böyük Bakı bələdiyyəsi və Bakı şəhər meri seçkili institutları formalaşdırılmalı və bələdiyyələrin müstəsna səlahiyyətləri artırılmaqla, kommunal xidmətlərin idarəçiliyi onların ixtiyarına verilməlidir.
Qubad İbadoğlu
anaxəbər.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.