Beyləqanda icra başçısı dəyişikliyi gözlənilir... ilginc iddia

1-07-2015, 15:10           
Beyləqanda icra başçısı dəyişikliyi gözlənilir... ilginc iddia
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının açıqlanmamasını istəyən rayon sakininin verdiyi məlumatda bildirilir ki, icra başçısının həyata keçirdiyi qanuna zidd işlərin nəticəsində Beyləqanda sosial problemlər bir-birini əvəz etməyə başlayıb: "Beyləqan sovet vaxtı Azərbaycanda təsərrüfat və yeyinti məhsulları verən əsas rayonlardan biri olub.

Bu rayonun sosial-iqtisadi bazası genişdir. 2012-ci ilin aprel ayından etibarən rayonda durğunluq dövrü başlayıb. Vaqif müəllim icra başçısı vəzifəsinə təyin olunanda ona bəslənən ümidlər böyük idi, hamı köhnə problemlərin mərhələli şəkildə həll ediləcəyini gözləyirdi. Amma icra başçısı əhalinin ona bəslədiyi etimadı doğrulda bilmədi. Üçüncü ildir rayona rəhbərlik edən məmur nəinki köhnədən qalan problemləri həll edib, əksinə daha yeni və ciddi problemlərin əsasını qoyub. Bir vaxtlar inkişafına görə ölkənin ən qabaqcıl rayonlarından hesab edilən Beyləqan haqda indi həmin sözləri demək çox çətindir. Respublika üzrə regionların sosial-iqtisadi inkişafında irəliləyişlər nəzərə çarpsa da, bunu Beyləqanda müşahidə etmək olmur. Söz yox ki, ölkə başçısı regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərir, rayonların abadlaşması üçün büdcədən mütəmadi olaraq pul ayırır. Beyləqanın sosial-iqtisadi inkişafı məqsədilə də bir neçə dəfə külli miqdarda vəsait ayrılıb. Buna baxmayaraq, rayonda heç bir irəliləyiş hiss olunmur.

Yerli sakinlər, habelə rayona yolu düşənlər bunu təsdiqləyə bilərlər. Hazırda ölkəmizin əksər rayonlarında yol infrastrukturu yenilənir, sıradan çıxmış yollar təmir edilir. Rayonun bərbad yollarının təmiri məqsədilə dövlət büdcəsindən bir neçə dəfə irihəcmli vəsait ayrılıb. Yollar isə hələ də bərbad gündədir. Kənd yolları tamamilə acınacaqlı vəziyyətdədir". Verilən məlumata görə, Beyləqanın mərkəzinə uzaq məsafədə yerləşən kəndlərdə insanların yaşayış səviyyəsi çox aşağıdır: "Məsələn, mavi yanacaq kəndlərdə əsas problem olaraq qalır. Qaz xətləri ancaq rayon mərkəzinə çəkilib. O da hamıya yox, ancaq imkanlı şəxslərə. Rayonda içməli su problemi də var. Camaat su maşınlarının ümidinə qalıb. Su maşınlarla daşınır və camaat vedrə ilə su alır. Elektrik enerjisinin verilişində də müəyyən fasilələr mövcuddur. Sakinlər üzləşdikləri problemlərlə bağlı rayon icra hakimiyyətinin rəsmilərinə yazılı və şifahi şəkildə şikayət etsələr də, heç bir xeyri yoxdur. İcra başçısı camaatın problemi ilə maraqlanmır. Ümumiyyətlə, Vaqif müəllim kabinetindən nadir hallarda çıxır. O vaxtının əsas hissəsini şəxsi işlərinə sərf edir. Bəzi kəndlərdə əhali onu tanımır, sadəcə adını eşidiblər".

Diqqətinizə çatdırmaq istəyirik ki, Beyləqanın icra başçısı həm də sahibkarlara qarşı sərgilədiyi aqressiv münasibətə görə dəfələrlə diqqət mərkəzinə düşüb. Özünü sahibkarların "dostu” kimi tanıdan və hətta bir müddət əvvəl Qarabağ əlili olan sahibkarlardan biri ilə yumruq davasına çıxdığı iddia olunan məmur iş adamlarına münbit şərait yaratmır: "Başçı heç bir xəbərdarlığa məhəl qoymur. Rayon rəhbəri əlinə düşən hər fürsətdə sahibkarları incidir, onlardan nəysə umur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ona deyirlər ki, bu könüllülük əsasında olmalıdır. Yəni hansı sahibkar özü istəsə, rayonda gedən abadlıq işlərinə dəstək verə bilər. Məcburiyyət olmamalıdır. Lakin Beyləqanda vəziyyət fərqlidir. Başçı iş adamlarını rayonda görülən abadlıq işlərinə məcburi şəkildə cəlb edir. Məmur həmçinin kənd təsərrüfatı sektorunun inkişafına süni şəkildə əngəl yaradır. Dövlətin fermerlərə ayırdığı subsidiyalar ünvanına çatmır. Məlumat üçün deyim ki, rayonun 35 kəndindən 25 bələdiyyənin balansında 200 hektardan çox torpaq sahəsi var.

İcra başçısı icra nümayəndələrinə göstəriş verir ki, bələdiyyə torpaqlarında taxıl əkilməsi ilə bağlı aqrar şöbəyə arayışlar versinlər. Kənd icra nümayəndələrinin aqrar şöbəyə verdikləri arayışı başçının göstərişi ilə şöbə müdiri Xaliq Məmmədov təsdiq edərək Kənd Təsərrüfatı Nazirliyinə göndərir. Bildirilir ki, aqrar şöbənin təsdiq etdiyi arayışlar yerli icra nümayəndələrinə yaxın olan şəxslərin adlarına verilir. Kənd Təsərrüfatı Nazirliyi isə aqrar şöbənin göndərdiyi arayışları təsdiq edərək ildə bir neçə dəfə bələdiyyənin saxta torpaqlarına yüz min manatlarla vəsait ayırır. Aqrar şöbə icra nümayəndələrinin saxta taxıl əkilməsi ilə bağlı təqdim olunan torpaq sahələrinin 6 min hektardan çox olduğu bildirilir. Beləliklə, külli miqdarda büdcə vəsaiti havaya sovrulmuş olur". Rayonda cərəyan edən neqativ hallar və yerli məmurların səbəb olduğu özbaşınalıqlarla bağlı araşdırmalarımız davam edir. Gələn saylarımızda "Cənnət bağı"nda təşkil edilən məclislər, dəbdəbəli qonaqlıqlar və 5 min manatlıq şuba ilə bağlı böyük yazı dərc edəcəyik. Bizi izləyin.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.