İranın Qərbi Azərbaycan vilayəti üçün müvəqqəti rəhbər təyin edilib

24-10-2024, 15:08           
İranın Qərbi Azərbaycan vilayəti üçün müvəqqəti rəhbər təyin edilib
İran Daxili İşlər Nazirliyi Qərbi Azərbaycan vilayətinin müvəqqəti idarəçisini təyin edib. İRNA xəbər agentliyinin məlumatına görə, vilayətin siyasi və ictimai işlər üzrə müavini Rza İbrahimi Ağ İsməili müvəqqəti olaraq Qərbi Azərbaycanın valisi vəzifəsinin icrasını öz üzərinə götürüb. O, müavin vəzifəsini davam etdirməklə yanaşı, yeni vali təyin edilənə qədər vilayəti idarə edəcək.

Qərbi Azərbaycanın əvvəlki valisi Məhəmməd Sadiq Mötəmediyan Tehrana vali təyin olunub. O, 2021-ci il oktyabrın 17-dən etibarən İranın keçmiş prezidenti İbrahim Rəisinin administrasiyası ilə Qərbi Azərbaycanda vali vəzifəsini icra edirdi. Təhlükəsizlik orqanlarındakı təcrübəsi ilə tanınan Mötəmediyan, valilikdən əvvəl bu vilayətdə Kəşfiyyat Nazirliyinin yüksək səviyyəli rəhbərlərindən biri kimi çalışıb.

Mötəmedianın yerinə kimin təyin olunacağı hələlik açıqlanmadığı üçün müvəqqəti başçı təyin edilib.

İranın yeni hökuməti, Məsud Pezeşkianın rəhbərliyi altında vali təyinatları məsələsində əvvəlki hökumətlərlə müqayisədə daha yavaş addımlar atır. Hazırda ölkənin 31 vilayətindən yalnız 13-nə vali təyinatı həyata keçirilib.
İran Azərbaycanı vilayətləri arasında isə indiyədək yalnız Şərqi Azərbaycana yeni vali təyin edilib. O, həmin bölgədə doğulmuş islahatçı siyasətçi kimi tanınır. Təyin olunan valilər arasında islahatçılar üstünlük təşkil etsə də, aralarında fundamentalistlər də mövcuddur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.