Jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə prosesi davam edir
24-10-2024, 12:54
Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, məhkəmə tərkibinə etiraz edib.
Onun sözlərinə görə, məhkəmə tərkibinə etiraz etməsinin səbəbi, hüquqlarını müdafiə elədiyi jurnalistə qarşı qərəzlilik nümayiş etdirməsidir.
“Səbəb ondan ibarətdir ki, sentyabrın 21-də məhkəmə prosesinə sədrlik edən hakim iş üzrə zərəçəkmişi istiqamətləndirib. Həmin zərərçəkən isə vəkilin, konkret olaraq mənim suallarıma cavab verməkdən imtina edib.
Məhkəmə isə vəkilin bu etirazını təmin etməyib".
Daha sonra vəkil jurnalist Teymur Kərimovun işgəncəyə məruz qalması ilə bağlı vəsatət qaldırıb.
"Teymur Kərimova işgəncə ilə bağlı müraciət olunmuşdur. Cinayət işinin başlanması rədd olunmuşdur. Lakin sonradan Nərimanov Rayon Məhkəməsi həmin qərarı ləğv etdi. Yenidən araşdırılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərdi. İndiyə qədər bu məsələ ilə bağlı bir xəbər yoxdur. Məhkəmə hesab etdi ki, araşdırmanın nəticələrini gözləmək lazımdır. Ona görə məhkəmə prosesi noybarın 4-dək təxirə salınıb", vəkil əlavə edib.
Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.
Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.
Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.