Büdcə təşkilatlarından mitinqdə iştirak edənlər yenə cəzalandırılacaq

26-10-2017, 09:41           
Büdcə təşkilatlarından mitinqdə iştirak edənlər yenə cəzalandırılacaq
Bu dəfə daha sərt tədbirlər görülə bilər

Milli Şura oktyabrın 28-də növbəti dəfə mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Məlumdur ki, hakimiyyət bu mitinqləri sanksiyalaşdırsa da, aksiyada iştirak edənləri sərt cəzalandırır. “Məhsul” stadionunun bir neçə yerində vidoçəkilişlər aparılır, mitinqində iştirak edənlərin foto və videogörüntüləri əsasında cəza tədbirləri həyata keçirilir.

İqtidar büdcə təşkilatlarında işləyənlərin aksiyalarda iştirakını monitorinq etmək üçün hətta xüsusi qruplar da yaradıb ki, bunun nəticəsində son aylar keçirilən mitinqlərdə onlarla adam işdən kənarlaşdırılıb. Həmin video-foto görüntülər əsasında yaradılmış xüsusi qrup təkcə büdcə təşkilatlarında işləyənləri deyil, ali məktəblərdə təhsil alan tələbələri də təsbit edir. Aksiyada iştirakı müəyyən edilənlərin əvvəl fotoları çıxarılır. Onlar rəhbərlik tərəfindən çağırılaraq faktlar sübut kimi qarşısına qoyulur və heç bir izahat tələb etmədən işdən kənarlaşdırılırlar. Məlumata görə, aksiyada iştirakı fiksə olunmuş şəxslərin tutduqları vəzifədən və ya kimlərləsə qohumluq əlaqələrindən asılı olmayaraq dərhal işdən uzaqlaşdırılmasına göstərişi verilib və artıq bunun nəticəsində işini itirənlərin sayı artıb. Maraqlıdır ki, aksiyada iştirak edənlərin “maraq üçün getmişdik”, “danışdıqları ilə razı deyilik” kimi bəhanələrinə diqqət yetirilmir. Mitinqdə iştirak etdiyi üçün indiyədək 100-dək çox müəllimlər işdən qovulub, o cümlədən bir sıra digər büdcə təşkilatlarında işləyənlərin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Tələbələrin də oxuduqları təhsil müəssisələrindən uzaqlaşdırılması proseduruna start verilməsi barədə məlumatlar var. Eyni zamanda hətta bir neçə mənzil istismar sahəsinin əməkdaşının da son aylar işdən uzaqlaşdırıldığı barədə təsdiqlənmiş informasiyalar var. Hakimiyyətin qərarlığından belə görünür ki, müxalifətin “son nəfəsində” keçirdiyi mitinqlərə qoşulanlara güzəştsiz davranaraq etirazçılara qoşulan az sayda da olsa büdcə çalışanlarını cəzalandırmaqla digərləri üçün görk yaradır.

Milli Şuranın 7 oktyabr aksiyasında iştirak edən əməkdar artist Ayşad Məmmədovun Akademik Milli Dram Teatrındakı işindən azad olunması da deyilənlərə sübut ola bilər.

Milli Şuranın mitinqində Ayşad Məmmədovla birlikdə tanınmış aktyorlar Abbas Qəhrəmanov və İlqar Cahangir də iştirak ediblər ki, onlarla bağlı da bu günlərdə sərt qərar veriləcəyi gözlənilir. Belə ki, onlara bir daha seriallarda rol verilməyəcəyi qərarlaşdırılıb. Xatırladaq ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məsələyə münasibət bildirərkən “əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar” deyərək bu faktı pisləmişdi.

Məlumata görə, müxalifətin bu şənbə keçirmək istədiyi aksiyada da ciddi nəzarət olacaq. Gözlənilir ki, bu dəfə iqtidar büdcə təşkilatlarından aksiyada iştirak edəcək şəxslərə qarşı daha sərt tədbirlərə əl atsın. Onların digər ailə üzvləri də bu cəza tədbirinin qurbanı olsun...

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.