Azərbaycanda iş yerlərində istismar olunanlar...
26-10-2017, 10:56

Adətən sahibkarlar təcrübəsiz namizədləri işə götürməyə maraq göstərmir və bu tendensiya getdikcə güclənir. Müəssisələrin əksəriyyətində isə ümumiyyətlə hazırlıqsız şəxslər işə götürülmür. Bununla yanaşı, gənclərin təcrübəsizliyindən sui-istifadə halları da müşahidə edilir. Belə ki, bəzi yerlərdə yeni gələnlərə müəyyən sınaq müddətindən sonra işə götürəcəklərini vəd olunsa da , sonra buna əməl etmirlər.
Əmək müqaviləsi bağlamadan insanları işə cəlb etmək olmaz
Bu kimi hallar qanunvericilikdə necə tənzimlənib? İş tapa bilməyən təcrübəsiz gənclər nə etməlidir?
“Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədov Modern.az-a bildirib ki, gəncləri sınaq müddəti adı ilə işə cəlb edib, onlarla münasibəti rəsmiləşdirməmək, əmək müqaviləsi bağlamamaq, eyni zamanda ona əməkhaqqı verməmək əmək qanunvericiliyinin ciddi pozulmasıdır:
“Bu qanun pozuntusu üçün şəxsə 20 min manat cərimə nəzərdə tutulub. Hətta işçi bir gün sınaq adı ilə işlədilirsə, ona əməkhaqqı verilməli və həmin müddət üçün əmək müqaviləsi bağlanmalıdır. İşəgötürənin işçi ilə əmək müqaviləsi bağlamaq və orada 3 ay müddətində sınaq müddəti müəyyən etmək hüququ var. İşə götürən hansısa bir fazaya çatanda görsə ki, şəxs uyğun deyil, onunla əmək müqaviləsinə xitam verməli və işlədiyi günlər üçün ödəniş etməlidir. Bu, əmək qanunvericiliyinin qaydasıdır və İnzibati Xətalar Məcələssində buna görə çox böyük həcmdə cərimə nəzərdə tutulub. Əmək müqaviləsi bağlamadan, bunu elektron sistemə daxil etmədən insanları işə cəlb etmək olmaz”.
S.Məmmədov qeyd edib ki, sınaq müddətinin təyin edilməsi həm işçi, həm də işə götürən üçün sərfəlidir:
“Məsələn, işçi də iş yerini bəyənmədiyi halda dərhal ərizəsini yazıb çıxa bilər. Yaxud işəgötürən şəxsi uyğun görmədiyi halda işinə daha asan xitam verə bilər. Əks halda bu, hər iki tərəf üçün çətin olacaq. İşçi öz arzusu ilə işdən çıxmaq üçün 1 ay gözləməlidir. Amma sınaq müddətində bu proses asandır.
Bəzən işəgötürənlər bundan sui istifadə edir. Şəxsləri çağırıb 1-2 ay müddətində işlədir və sonra işə yaramadığını bildirib, uzaqlaşdırırlar. Bu artıq istismardır və qanunla qadağan edilib”.
Gənclər diplomu olduğu halda niyə dərhal işə götürülmürlər?
Müsahibimiz bundan da söz açıb:
“İstənilən işəgötürəni anlayışla qarşılamaq lazımdır. Diplom bilik göstəricisi deyil. Çünki bizim təhsil müəssisələri ən yaxşı halda nəzəri biliklər verir, praktiki vərdişləri yoxdur. Bəzən işəgötürən təcrübəsi olmayan işçiləri öyrədir, yaxud təhsilinə xərc qoyur. Kadr kimi tam formalaşan zaman həmin insan çıxıb gedir və daha yaxşı iş tapır. Bu baxımdan işəgötürənlər risk etmirlər. Amma bütövlükdə bu məsələ qanunla tənzimlənmir. Qanunla tənzimlənən yerlər var. Məsələn, vəkillik, hakimlik və.s. Bu şəxslərin müvafiq sahədə təcrübəsi olmalıdır.
Hazırda şəxsin iş təcrübəsi yoxdursa, əksər işəgötürənlər bir qayda olaraq ondan imtina edirlər. Bu da qanunla tənzimlənmir. Ona görə də bu məsələdə işəgötürənləri çox sıxışdırmaq olmaz. Vaxtilə biz məsələ qaldırdıq ki, kadrları yetirşdirmək dövlətin borcudur. Dövlət orqanlarına belə bir tələb qoymaqda haqlı idik və məsələni də düzəltdilər. Amma indi özəl sektordan hər şeyi tələb etmək olmur. Problemi həll etmək üçün təhsil sistemini nəzərdən keçirmək lazımdır. Çünki işəgötürən işçinin oxuduğu dövrdə həm də praktiki vərdişlər əldə etdiyinə və üzərinə qoyulan vəzifəni yerinə yetirəcəyinə əmin olmalıdır”.
dia.az