Azərbaycanda bəzi icra başçılarının fəaliyyətində müsbət dəyişiklik yoxdur.

4-08-2015, 12:57           
Azərbaycanda bəzi icra başçılarının fəaliyyətində müsbət dəyişiklik yoxdur.
Azərbaycanın bölgələrində yerli icra hakimiyyətləri öz səlahiyyətləri və qanundan kənara çıxaraq sahibkarlara maneələr yaradırlar.

Sözsüz ki, bu işdə icra başçıları da məsuliyyət daşıyır, bəlkə də, elə onların öz göstərişləri əsasında sahibkarlardan qanunsuz olaraq pul yığılır, “şapka” alınır. Bununla da bəzi yerlərdə Azərbaycan iqtisadiyyatı üçün önəmli sahələrdən biri olan azad sahibkarlıq üçün münbit şəraitin olması müşkülə çevrilir. İstər xırda, istərsə də orta biznes fəaliyyətinin icra hakimiyyətləri tərəfindən boğulması Azərbaycanın iqtisadiyatına da mənfi təsirini göstərir.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev Modern.az saytına mövzu ilə bağlı danışıb.

O, problemdən çıxış yolu kimi Azərbaycanda hər bir dövlət strukturunun qanunvericiliklə tənzimlənən qaydaları mövcud olduğunu xatırladıb.

Ekspert bildirib ki, icra başçıları qanunları oxuyub və ona riayət etməli, sahibkarlara mane olmamalıdırlar:

“İcra başçıları bu qanunlara əməl etsələr, onda sahibkarlara qarşı belə özbaşınalıqlar olmaz. Prezident də dəfələrlə məmur özbaşınalığından söz açıb və onlardan tələb edib ki, qanun çərşivəsində fəaliyyət göstərsinlər. İcra başçıları qanunları yerinə yetirməyəcəyi təqdirdə yerlərdə bu özbaşınalıqlar da davam edəcək. Bəzi icra başçıları elə davranırlar ki, bu onların çox savadsız və mədəniyyətsiz olduğunu göstərir ”.

Oqtay Haqverdiyev deyib ki, icra başçılarının qeyri-qanuni hərəkətlərinin qarşısını almaq üçün müvafiq dövlət orqanları tədbirlər görməlidir. Keçmiş şöbə müdiri qeyd edib ki, icra hakimiyyətlərinin əsasnaməsində sahibkarların fəaliyyətini təftiş etmək yazılmayıb.

“Sahibkarların fəaliyyətini üç ildən bir Vergilər Nazirliyi yoxlayır. İcra başçılarının bu sahəyə girişməyə heç bir haqqı və hüququ yoxdur. İcra hakimiyyətlərinin əsasnaməsində də belə bir şey yoxdur”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki,

“Bu məsələni hamısına şamil etmək olmaz. Bir sıra rayonlarda ən asan yol tapılıb – sahibkarı sıxışdırmaq. Nümunə kimi Tərtər rayonunu misal çəkə bilərəm. Bu rayonda yerli məmurlar hətta sahibkarları həbs etməklə də hədələyirlər. Halbuki, sahibkarın mənafeyini qoruyan addımlar atmaq lazımdır. Yerlərdə çox ciddi problemlər var. Buna görə də regionlarda sakinlərin sosial vəziyyəti gündən-günə pisləşir”,-deyə Fazil Mustafa bildirib.

Aqşin Kərimov

P.S. Növbəti yazımızda ayrı-ayrı rayonlara icra başçılarının sahibkarların başına açdıqları oyunlar barədə məlumat verəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.