Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri azaldıldı

5-04-2018, 00:04           
Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri azaldıldı
Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edilib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən yerli icra hakimiyyəti orqanlarının küçə reklamının yerləşdirilməsinə icazə vermək səlahiyyəti ləğv olunub.

Qeyd edək ki, 2017-ci il iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Reklam Agentliyi həyata keçirəcək. Reklam Agentliyi avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (açıq məkanda) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru