Trampın qızını heyran qoyan Reyhan: “İnanıram ki, lisey bağlanmayacaq”
7-07-2018, 12:41

ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışmış, hələ gənc olmasına baxmayaraq, Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına “Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır” sözlərini də əlavə etmişdi.
Azərbaycanlı gənc ixtiraçı Cebhe.info-ya açıqlamasında təhsil aldığı “İstək” liseyinin bağlanmasına münasibət bildirib:
“İstək" liseyinin bağlanması xəbəri hamı kimi məni də çox məyus etdi. Mən inanıram ki, hal-hazırda bu qərarın çıxarılmasına səbəb nə olursa olsun, yeni dərs ili başlayana kimi aradan qaldırılacaq və mən də daxil olmaqla bütün şagirdlər öz doğma tədris ocağımızda təhsilimizi davam etdirəcəyik”.
Qeyd edək ki, Reyhan Camalova 2017-ci ildə qurulan "Rainergy" startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə "Forbes" jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.