"Mən şeyxəm, hacıyam, Allahın işinə qarışmıram." - Şeyx Əbdül

24-10-2018, 09:55           
"Mən şeyxəm, hacıyam, Allahın işinə qarışmıram." - Şeyx Əbdül
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun Hacıbala Abutalıbovla bağlı söylədikləri son günlərin ən çox müzakirə olunan mövzularındandır.
Sosial şəbəkələrdə paylaşılan həmin video görüntüdə Şeyx Əbdül 17 il Bakını meri olmuş, indi isə Baş nazirin müavini olan Hacıbala Abutalıbovu biabır edir: "Onun şizofreniya xəstəliyi sübut olunub. Bakının başına oyun açıb, şəhəri nə günə qoyublar. 17 ildir məni televiziyaya buraxmırlar, amma küçə adamları efirdədir".
Bu məsələ ilə bağlı qəzetimizə açıqlama verən xalq artisti bildirib ki, Türkiyə kinematoqrafçıları ilə birgə ekranlaşdırılan filmdə əsas obrazlardan birinə dəvət aldığına görə 1 həftədən çoxdur ki, gecə-gündüz çəkilişdədir. Qəbələdən yenicə qayıdan çəkiliş qrupu Bakıda işini davam etdirir:
“İnanın ki, sutkada heç 2-3 saat yatıb dincəlməyə vaxt tapmıram. Elə indicə evə gəldim. Yüngülvarı qəlyənaltı edib azca çimir edib, yenidən çəkiliş meydançasına qayıdacağam, gecədən səhərə qədər çəkilişdə olacağam. Odur ki, ətrafda baş verən hadisələrdən demək olar ki, xəbərim yoxdur. Elə Badamdardakı sürüşmə haqqında da yenicə eşitmişəm. O yazı əvvəldən-axıradək təxribatdır. Əvvəla, o video görüntü çoxdan lentə alınıb. Özü də sürüşmə ilə heç bir əlaqəsi yoxdur, ikincisi də mən Badamdarda yaşamıram.
Mən şeyxəm, hacıyam, Allahın işinə qarışmıram. Torpaq sürüşməsi dünyada baş verən saysız-hesabsız təbiət hadisələrindən biridir. Odur ki, bu qəzavü-qədərdə kimi isə günahlandırmaq və xəbərim olmadan mənim adımı bu məsələ ilə bağlı hallandırmaq ən azından ədəbsizlikdir. Hacıbala müəllimlə aramızda konflikt olduğu zaman söylədiklərimin torpaq sürüşməsi məsələsinə şamil edilməsi qəbuledilməzdir. Əgər kiminsə kiminləsə problemi varsa, bu məsələyə mənim nə aidiyyatım?!
Xüsusi vurğulamaq istərdim ki, mənim hörmətli Hacıbala Abutalıbovla artıq heç bir problemim yoxdur. Çox şükürlər olsun ki, həmin problem ölkə qanunları çərçivəsində həll olunub. Biz elə onda da düşmən deyildik, sadəcə olaraq, mənə qarşı haqsızlıq edilmişdi, mən də bundan çox əsəbləşmişdim. Mən haqqımı tələb edirdim, çox şükür ki, haqq-ədalət bərpa olundu və Hacıbala müəllimlə, onun məni daşlayan komandası ilə aramızdakı bütün söz-söhbətə, ədavətə son qoyuldu. Bununla da həmin mövzu qapandı. Öz şəxsi maraqları üçün bu mövzudan sui istifadə edən və gələcəkdə istifadə etməyə çalışanlar isə qanunla cəzalandırılacaq”.
Xalq artisti daha sonra bildirdi:
“Mən ağsaqqal adamam və artıq çox ciddi şəkildə öz yaradıcılıq işlərimlə məşğulam. İndidən deyim ki, yaxın gələcəkdə böyük filmlər, böyük layihələr görəcəksiniz, o zaman peşəkar kino, peşəkar film nədir, onu biləcəksiniz. Artıq dövlət səviyyəsində yaxın bir il, il yarıma kinematoqrafla bağlı bütün problemlər həll olunacaq və hamını təngə gətirən bayağı filmlərin, bayağı serialların istehsalına son qoyulacaq. Bunu sizə gözaydınlığı vermək üçün deyirəm”.
Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.