Nurəddin Mehdixanlı: “Ortaya insanları düşündürən sənət əsərləri qoymaq lazımdır”
6-11-2018, 09:18
Azərbaycan reallığında insanların kino və teatr tamaşalarına lazımınca maraq göstərmədiyi, aktyorlarımızın tamaşaçı qıtlığı yaşadığı zaman-zaman səslənən fikirlər sırasındadır. Bəs bu gün necə, milli kino və tamaşalarımıza yetərincə maraq varmı? Bu sahədə vəziyyət nə dərəcədə qənaətbəxşdir?
Moderator.az-a açqılama verən xalq artisti Nurəddin Mehdixanlı yaxşı sənət əsərinə hər zaman marağın olduğunu vurğuladı:
“Yaxşı məhsulun hər zaman alıcısı var. Keyfiyyətli məhsul hər zaman alıcını cəlb edir. Bu alıcının sayı az da, çox da ola bilər. Ancaq bütün hallarda alıcı olacaq. Mənə elə gəlir ki, sənətindən, peşəsindən asılı olmayaraq, hər bir kəs yaxşı, keyfiyyətli məhsul istehsal etməyə çalışmalıdır. Yaxşı kinolarımızın tamaşaçısı var. Yaxşı tamaşaların da tamaşaçısı mövcuddur. Yaxşı şeirin, povestin, romanın da oxucusu var.
Bir də var kütləvi istehlakçı. Orada artıq keyfiyyətə baxmırlar. Bu, çox ziyanlı tendensiyadır. Zövqlərin korlamasına, həqiqi sənət nümunələrinə olan marağın azalmasına səbəb olan bir haldır. Bəziləri sənətin elə bu olduğunu düşünür.
Azərbaycan tamaşaçısı yaxşı məhsula dəyər verən tamaşaçıdır. Sadəcə olaraq, onun qarşısına ona layiq olan, onu düşünməyə vadar edən işlər ortaya qoymaq lazımdır. Belə olarsa, tamaşaçı da olacaq”.