“Özəl telekanallarda yaradılan Bədii Şuralar formal və yalandır” - Şeyx Əbdül

30-04-2019, 11:22           
“Özəl telekanallarda yaradılan Bədii Şuralar formal və yalandır” - Şeyx Əbdül
AzTV kanalından sonra ATV və Xəzər TV kanalında da Bədii Şura yaradıldı. Hər üç kanalda ölkənin müxtəlif sahələrindən olan şair, aktyor və müğənnilər Bədii Şuraya üzv seçildi. Bəs görəsən niyə telekanallarımızdakı vəziyyəti həmişə tənqid edən tanınmış ictimai xadim, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bədii Şuraya üzv qəbul edilməyib?

Xalq artisti Moderator.az-a açıqlamasında sualımızı gülərək qarşıladı və bildirdi ki, bunun səbəbini heç özü də bilmir:

“Əslində telekanallarda yaradılan Bədii Şuraların üzvlüyünə məni dəvət etməmələrinin səbəbini bilmirəm. Qaldı ki, heç kimin danışmadığı vaxtda əlli ildir ki, mən elə bu işlə məşğulam, telekanallarımızdakı vəziyyəti gündəmə gətirirəm. İkincisi də ki, bunu çıxış yolu kimi görmürəm. Məsəl var ki, “Quyuya su tökməklə quyuda su olmaz”. Ümumiyyətlə, tərbiyə ilə ailədə, daha sonra orta məktəbdə məşğul olmaq lazımdır ki, hər kəs öz yerini bilsin. Cəlaləddin Rumidən soruşurlar ki, “Ustad, bu qədər kitab oxudun bu yaşa gəldin nə qazandın?”. Deyib ki, “Həddimi bildim”. İndi hər kəs öz həddini bilməsə, hədəylə, qorxuyla nəyəsə nail olmaq olmaz.

Bədii Şuraya dəvət olunsaydım, daha çox xeyir verə bilərdim, çünki mənim bütün fəaliyyətim sözdü, mədəniyyətdir, musiqidir. Qorxurlar ki, ora dəvət olunsam, işlərinə mane olaram. O siyahını kim tərtib edir bilmirəm. Bədii Şura dövlət televiziyasında var və buna dövlət səviyyəsində qadağa olacaq. Bu, gözəldir. Özəl telekanallar buna necə qadağa qoyacaqlar ki? Kanal rəhbəri deyəcək ki, öz telekanalımdı nə edirəm, əcəb edirəm. Özəl telekanallarda yaradılan Bədii Şuralar formal və yalandır. Buna görə də məni ora dəvət etmirlər. İ.Nəsimi bir qəzəlində deyir ki:

Bu dünya bir yalan idi, gəl keç könül, yalanidən,
Bu dünya bir murdar idi, qaç get könül, murdaridən.

Ona görə də yaxşı ki, elə orda mən yoxam”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.