“Bu video bir rəhbər kimi onun yaramaz hərəkət etdiyini…” - Qulu Məhərrəmli
23-02-2016, 01:39
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, jurnalist Qulu Məhərrəmli AZTV sədri Arif Alışanovun onu məhkəməyə verməsinə münasibət bildirib.
Qulu Məhərrəmli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ölkədə hər kəsin məhkəməyə müraciət etmək hüququ var.
Jurnalist A. Alışanovun onun tərəfindən təhqir edilməsilə bağlı yayılan iddiaya da aydınlıq gətirib:
“Bir insanın qeyri-peşəkar ve yaradıcı iş üçün yaramadığını demək təhqir deyil. Təhqirin parlaq nümunəsi Alışanovun çəkdirib yaydığı 3 saatlıq video və təşkil etdiyi ləyaqətsiz, böhtançı yazılardır. Məsələn, bu video bir rəhbər kimi onun yaramaz hərəkət etdiyini, qisasçı xislətli olduğunu sübut edir”.
Qeud edək ki, A.Alışanov Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində iddia qaldırıb. Buna səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki, Arif Alışanov artıq məhkəməyə müraciət edib:
“Arif Alışanov 39 ildir ki, bu sahədə çalışır, amma indiyə qədəb bu cür məsələlərdə adı hallanmayıb. Heç vaxt məhkəməyə müraciət etməyib. Amma adını jurnalist qoyan Qulu Məhərrəmli həm Arif Alışanovu, həmdə yüzlərlə AzTV əməkdaşını təhqir edib. Ona görə də qanun qarşısında cavab verməlidir”.