“İlhamə Quliyevanı oğulluğu öldürüb” – Əli Mirəliyevdən ağır ittiham

3-05-2016, 18:48           
“İlhamə Quliyevanı oğulluğu öldürüb” – Əli Mirəliyevdən ağır ittiham
“Bilirsiniz, İlhamə Quliyevanı öldürən Orxandır. Onun ölümünə səbəb olan şəxs Orxan Əhmədağa oğlu Nadirovdur. ...Çox işlər görüb Orxan. Ona pul atıb, bundan pul alıb. Bilirsiniz, çox şeylər var. Hamısı məhkəmədə üzə çıxacaq”.

Bunu hafta.az-a müsahibəsində tanınmış müğənni Əli Mirəliyev deyib. Mərhum Xalq artisti İlhamə Quliyevanın dayısı oğlu Əli Mirəliyev hələ də yarımçıq qalan miras məsələsi ilə bağlı qarşıdan gələn məhkəmə proseslərindən danışıb.

- Əli müəllim, yaxın günlərdə mərhum Xalq artisti İlhamə Quliyevanın miras məsələsinə aydınlıq gətirmək üçün məhkəmə prosesi keçiriləcək. Siz də orada iştirak edəcəksinizmi?

- Hələ ki, məni çağıran yoxdur. Gedib–getməyəcəyimi bilmirəm. Çağırsalar gedəcəyəm, çağırmasalar özbaşına necə gedim ora. Mən bu prosesdə nə qədər lazımlı adam olduğumu deyə bilmərəm. Ola bilsin ki, qızımı çağırsınlar, amma məni yox...

- Nəyə görə məhz qızınızı?..

- İlhaməyə 5 il ərzində qızım baxıb. Onun qayğısına qalıb. Bəs beş il ərzində İlhaməyə kim baxıb? İlhaməyə baxan, qayğısına qalan yeganə insan Samirə Əli qızı Mirəliyevadır, vəssalam. Qızım İlhamənin dayısı nəvəsi düşür.

- Mediada sizin mirasa şərik olmaq niyyətinizlə bağlı xəbərlər yayılmışdı. Sizdən isə açıqlama gəlmədi. Bu həqiqətdirmi? Qohumu olaraq İlhamə Quliyevanın mirasına varis kimi iddianız varmı?

- Bunları kim çıxarıb? Mənim belə iddiam olmayıb. Mediada çox şey yazırlar. Mediada bizim yüksək səviyyəli məmurları da pisləyirlər, indi buna inanmalıyıq? Belə bir şey olmayıb, heç vaxt mirasa iddia etməmişəm.

- Dəfn günü, İkinci Fəxri Xiyabanda, İlhamə xanımın oğlu Orxan Nadirovla münasibətlərinizdə problemlər yarandı. Mübahisə etdiyinizi isə o vaxt öz gözlərimlə görmüşdüm. İndi Orxanla münasibətləriniz necədir, gediş-gəlişiniz varmı?

- Bu inciklik deyil, Orxan da bizim qohumdur. İlhamənin anası Tükəzban xanım bizim böyük bibimizdir. Onun kiçik bacısı Gülsənəmin nəvəsi isə Orxandır. Yəni, Orxan mənə özgə deyil. Sadəcə olaraq Orxan, anası, həyat yoldaşı çox pis hərəkət etdilər. İlhamə rəhmətə gedəndən sonra evin qıfılını dəyişdilər. İlhamə xanım öz sağlığında bunları içəri buraxmaya-buraxmaya bir dəqiqənin içərisində evin sakini oldular. Elə deyil axı, evin sakini mənim qızımdır, xidmətçi idi. Bacısı İradə də, o evə gəlib-gedənlərdən idi, vəssalam. Orxanın anası, yoldaşı Arifə, yaxud da Orxanın özü İlhamənin sağlığında o evə buraxılmırdı. Təsəvvür edin, İlhamə xanım rəhmətə gedib, bizə də tapşırmışdı ki, onları qapıdan içəri buraxma. Həmin bu adamlar da gəlib bir dəqiqənin içərisində evin sahibi oldular. Xidmətçini bayıra atdılar, qovdular. Siz onda necə olardınız həmin vaxt?.. Ona görə də incidim. Dedim siz nə edirsiniz, heç olmaya mərhumun qırxına kimi dözün, yola verin. Qırx mərasimindən sonra da, biz qohumlar bir araya gəlib, oturub söhbət edərik bu haqda, hara tələsirsiniz... Dedim ki, qapı açıq qalsın, xidmətçi öz işinə qayıtsın. Qırxına kimi camaat, el-oba gəlib-getsin. Bunlar hay-küy saldılar, prokurorluq əməkdaşları da gəlib qapını bağladı, bunları da qovdu bayıra. Vəssalam.

- Əli müəllim, necə düşünürsünüz, miras kimin haqqıdır? O da var ki, faktiki olaraq hüquqi sənəd-vəsiyyətnamədə yazılmayıb bununla əlaqədar olaraq. Belə olan halda kimə çatmalıdır bu miras?

- Bilmirəm, miras məsələsi necə olacaq. Onun bacısı İradə də var; Quliyeva İradə Məzahir qızı. İlhamənin də ad soyadı Məzahir qızı Quliyevadır. Əlavə bir bacısı da var, Gülbahar xanım. İlhamə xanım sağlığında demişdi ki, var-dövlətini əsgərlərə, kimsəsizlərə vəsiyyət edəcək. İndi isə bilmirəm necə həll edəcəklər, məhkəmə hansı qərar çıxaracaq.

- Orxan Nadirov İlhamə xanımın vəfatından sonra onun maşınını sürürdü. Sonra hüquq-mühafizə orqanları avtomobilin avtodayanacağa təhvil verilməsini ondan tələb etmişdilər. Qaytardımı Orxan maşını? Çünki miras hüquq-mühafizə orqanları tərəfindən möhürləndikdən sonra Orxan Nadirov avtomobilin hələ də onda qaldığını demişdi...

- Maşını elə həmin gün onun əlindən almışdılar. Sadəcə olaraq o, yalandan demişdi ki, guya maşın ondadır. Xeyr, nə evin, nə də ki, maşının açarları onda deyil. Hamısını əlindən alıblar. Yalandan telekanallarda çıxıb deyir ki, anamın evinin, avtomobilinin açarları məndədir. Birincisi, sənin anan Lalə, atan da Əhmədağa, soyadın da Nadirovdur. İlhamənin ümumiyyətlə, sənə aidiyyəti yoxdur. Sadəcə olaraq, İlhamə sağ olanda onu şou xatirinə ora-bura aparıb öz oğlu kimi qələmə verirdi. Siz jurnalistlər çox şeyi bilmirsiniz. Orxan beş–on şou-biznes adamını, jurnalistləri başına yığıb, onlar da bunu dəstəkləyirlər. Orxanı İlhamənin oğlu kimi qələmə verirlər. Ümumiyyətlə, İlhamənin uşağı yoxdur. Ona baxan mənim qızım olub. Bacısı oğlu Eldar İsmayılov, bacıları İradə, Gülbahar... İlhamənin əsl doğmaları, etibar etdiyi, inandığı bu adamlardır. Nə Orxan, nə də ki, onun ailəsi yaxın on beş ildə İlhamənin çevrəsində olmayıblar. Sadəcə olaraq, bir iki dəfə şou xatirinə çıxıb dedi ki, Orxan mənim oğlumdur. Sonra da Orxan bir–iki səhv etdi, İlhamə xanımı şantaj etdi, dedi ki, məndə sənin səsyazman var. Şantaj edirdi İlhamə xanımı, əvəzində pul alırdı. İlhaməni öldürən Orxandır, bilirsiniz. Onun ölümünə səbəb olan şəxs Orxan Əhmədağa oğlu Nadirovdur. Onun gördüyü işlərin sayəsində... Çox işlər görüb Orxan. Ona pul atıb, bundan pul alıb. Bilirsiniz, çox şeylər var. Məhkəmədə hamısı üzə çıxacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.