Flora-Zeynəb qalmaqalı, Xatirə "Göteborq" oyununda, Təranə-Nazənin qırğını, narkoman sənətçilər - HƏFTƏBECƏR
29-08-2016, 11:02
Əvvəllər gənc sənətçilər tanınmaq, populyarlaşmaq, "sponsor" tapmaq üçün bir-birinin saçını yolur, qalmaqal edir, açıq-saçıq geyinir, yeri gəlsə, heç nə geyinmirdilər. Bu, əvvəllər belə idi. Axır vaxtlar isə təcrübəli sənət adamları, sənətkarlar, sanki gündəmdən düşdüklərini hiss edib, qalmaqallara əl atırlar. Hərçənd ki, onlar sənətdə elə bir iz qoyublar ki, onilliklərlə gündəmdən düşəcəkləri mümkün deyil. Məsələn, Flora Kərimova haqda eyni sözlər keçərlidir. Dünya səviyyəsində səsdir, canlı əfsanədir. Di gəl ki, həftənin bu başı İlhamə Quliyeva ilə qalmaqalda idi, o biri başı Sərxan Kərəmoğluyla, ortası başqa bir sənətçiylə. İndi də deyib ki, Zeynəb Xanlarovanın səsi yoxdur. Bütün iradlara pis-yaxşı birtəhər göz yummaq olardı, amma Zeynəb Xanlarovaya "ilişmək" yolverilməzdir. Zeynəb xanımla Flora xanım fərqli janrların ifaçıları olublar, hər ikisi sevilib, tanınıb. Amma etiraf etmək lazımdır ki, Azərbaycandan xanım sənətçilər arasında Xanlarova qədər tanınan heç kim olmayıb. Elə həftədə bir dəfə gəlib on minlərlə pullarımızı yığıb aparan, bizim sənətçilərdən heç kimi tanımayan türk manısların da 90 faizi Zeynəb Xanlarova və Rəşid Behbudovdan başqa kimsəmizi tanımır. Məsələnin ən xoşagələn tərəfi odur ki, Zeynəb xanım bu atmacaya cavab verməyib və çox güman ki, cavab verməyəcək də.
Müğənni Əli Mirəliyevin oğlu klinikanın qarşısında bir qohumunu gözləyirmiş. Bu vaxt görüb ki, yol polisləri Əli Mirəliyevin təbirincə desək, yetimin birini saxlayıblar. Mirəliyevin oğlu məsələyə müdaxilə edib. Söhbət gedib çıxıb polis bölməsinə, mətbuat da yazıb ki, sənətçinin övladı polislərə bıçaq çəkib. Sizcə, o, polisə bıçaq çəksəydi, indi azadlıqda ola bilərdi? Burada məsələnin başqa bir tərəfi diqqətimi çəkir. Ədalətsizliyə, haqsızlığa dözümsüzlük, deməli, həm də genetika məsələsidir. Çoxları Əli Mirəliyevi başqa cür qələmə verir, artıq-əskik danışdığını, oxuya bilmədiyini düşünürlər. Amma mənə görə? tam əksinədir. Çünki özü demişkən, Rəşid Behbudov, Hüseynağa Hadıyev, Gülağa Məmmədov görmüş adam, axı Nadir Qafarzadəni necə qəbul etsin?
Müğənni Xatirə İslam "Qarabağ"-"Göteborq" oyunundan foto paylaşıb. Arxa fonu görməsən, deyərsən ki, foto restoranda çəkilib, stadionda yox. Elmar Abdullazadə demişkən, demə, "Sky Box" belə olurmuş. Halal olsun Xatirəyə, daim xalqın arasındadır, oyunlara gəlir, idmançılarımızı dəstəkləyir. Nə olsun ki, o, sərin otaqdan, camaat tribunadan dəstək verir. Dəstək elə dəstəkdir də. Üç-dörd şiş kabab, bir qab çoban salatı, 2-3 şüşə mineral suyla nə olandı ki?
Müğənni Nazənin və həmkarı Təranə Qumralın çəkişməsinə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmə Nazənini haqlı hesab edib. Deyəsən, Təranə Qumral Nazənindən üzr istəməli olacaq. İndi gedişatı izləyək, görək istəyəcəkmi, yoxsa yox?
Tanınmış aktrisa Sənubər İsgəndərli sitrus meyvələri qurudub, qablaşdırıb satanları sosial şəbəkədə biabır edib. Deyib ki, sizdə vicdan var? Ümumiyyətlə, bu xanım haqsızlığa dözümlü deyil, sözünü deyə bilir.
Xalq artisti Səməd Səmədov deyib ki, anam əvvəllər bizimlə bərabər yaşayırdı, it saxladığım üçün bizdən ayrıldı:
"Yadımdadır ki, evə iki it gətirmişdim, anam etiraz etdi. Dedi ki, bu itləri evdən aparmasan, mən sizinlə bir evdə qalmayacam. İtləri qonşuya verdim. Uşaqlar hay-küy saldılar ki, ata, itləri qaytar. Məcbur olub qaytardım. Anam da evdən getdi və dedi ki, mən itlərlə eyni evdə yaşaya bilmərəm".
Bu xəbəri özünüz şərh edərsiniz.
Prodüser Təranə Səmədova deyib ki, sənətçilərimizn əksəriyyəti narkomandır. Ayıbdır e, Təranə xanım, çox ayıb! Azərbaycanlı sənətçilər heç siqaret çəkə bilmirlər, o ki qaldı narkoman olsunlar. Yazıqlar başlarını aşağı salıb işləriylə məşğuldurlar. Bəlkə, kimsə iki tüstü nəşə vurub, onu deyəmmərəm. Amma narkoman söhbəti yaman ağır iddia oldu. Deyin ki, arvadlı-kişili bunlar sponsor üstündə bir-biriylə qanlı bıçaq olurlar, deyim ki, haqlısınız. Deyin ki, Şəmkir toylarına düşmək üçün nələrdən keçmirlər, afərin deyim. Deyin ki, bəzi qadın sənətçilər kişi sənətçilərdən yaman gileylənirlər. Deyirlər ki, bu kişi sənətçilərin ucbatından özümüzə sponsor da tapammırıq. Bax belə. Yoxsa ki, narkotik belə gəldi, ticarət ordan getdi...
Milli.Az