Məşhur aktyorun ölümündə müəmma: Bədəninə böyük dozada ketamin yeridilib?
17-08-2024, 18:14
"Dostlar" serialının ulduzu Metyu Perri ölümündən bir müddət əvvəl köməkçisi Kennet İvamasadan ona böyük dozada ketamin yeritməyə xahiş edib.
Bu barədə "New York Post" məhkəmə sənədlərinə istinadən yazır.
"Öldüyü gün səhər 54 yaşlı Perri uzun müddətdir onun yanında işləyən köməkçisindən təxminən saat 08:30-da (Bakı vaxtı ilə 19:30-da - red.) ona ilk ketamin inyeksiyasını vurmağı xahiş edib", - qəzet yazıb.
Məlumata görə, bundan sonra, İvamasa daha böyük dozada iynə vurulması üçün yalvaran aktyora daha iki iynə vurub. Ümumilikdə, köməkçi Perriyə altı saat ərzində üç dəfə ketamin iynəsi vurub və nəticədə o, dərmanın dozasının artıq olması səbəbindən ölüb.
Xatırladaq ki, 54 yaşlı Perrinin ölümü barədə 28 oktyabr 2023-cü ildə məlum olub. Mənbənin "TMZ"yə verdiyi məlumata görə, o, Kaliforniyadakı evinin cakuzisində tapılıb. Aktyorun öldüyü yerin yaxınlığında heç bir narkotik izi tapılmayıb.