MTRŞ telekanallardan narazıdır
25-06-2015, 20:37
“Milli Televiziya və Radio Şurasının son hesabatından sonra bəzi aparıcılar onlara tutulan nöqsanların üzərinə yeni nöqsanlar gətirib. Məsələn, “Xəzər” televiziyasındakı aparıcı bacılara efirdə buraxdığı nöqsanlara görə irad bildirilmişdi. Bu yaxınlarda onlar növbəti dəfə nöqsana yol verdilər”.
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T. Dadaşov bildirib ki, MTRŞ-nın 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərindən sonra “Space” televiziyasında yayımlanan bir sıra verilişlər kanal rəhbərliyi tərəfindən efirdən çıxarılıb: “Bizim hesabatda həmin verilişlərin adları müəyyən qədər mənfi tonda çəkilmişdi. Həmin verilişlərin efirdən çıxarılması ilə bağlı biz telekanala hər hansı bir tövsiyə verməmişdik. Sadəcə olaraq, telekanal özü bu haqda qərar qəbul etdi. Bundan başqa, bəzi verilişlərin aparıcılarının hərəkət və davranışlarında müsbət tonda dəyişikliklər olduğunu müşahidə edirik. Düzdür, bəzi aparıcılar var ki, onların hərəkət və davranışlarında müsbətə doğru hər hansı bir dəyişiklik müşahidə olunmur”.