"İndi siyasi mübahisələrin vaxtı deyil - indi Polşanı xilas etməliyik"
Bu gün, 10:14

1 həftədən sonra Polşada taleyüklü prezident seçkiləri keçiriləcək. Ayın əvvəlində siyasi proqnozlar mərkəzləri Rumıniyada Tramp/Putinin dəstəklədiyi namizədin(Simion) qələbəsini, Polşada da isə qeyd olunan cütlüyün dəstəklədiyi namizədin məğlubiyyətini proqnozlaşdırırdı. Rumıniyadaki seçkilərdə gözlənilməz halda Avro-Atlantik xəttin tərəfdarı Dan Nikuşor qalib gəlib, Polşada isə 1-ci turdan sonra gözlənilməz halda sağçı və ultra-sağçı siyasi qüvvələr yüksək səs topladı və nəticə etibarı ilə ikinci turda Rafal Tşaskovki və Karol Navrotskinin(Tramp/Putinin dəstəklədiyi namizəd) qələbə ehtimalları bərabərləşdi.
Nə baş verir?
Polşa prezidentliyinə namizəd Karol Navrotski sərt anti-Ukrayna mövqeyi ilə tanınan “Konfederasiya” partiyasının lideri Slavomir Mentzenin tələblərini qəbul edib. Bu, ikinci turda Mentzenin Navrotskiyə dəstəyi müqabilində baş verib. Navrotski və Mentzen arasında səkkiz maddəlik razılaşması canlı yayımda imzalanıb.
Navrotskinin öhdəliklərindən bəzilərilə tanış olaq:
- Polşa əsgərlərinin Ukrayna ərazisinə göndərilməsinə icazə verilməyəcək.
- Ukraynanın NATO-ya üzv olmasına dair sənədi imzalanmayacaq.
- Polşa hakimiyyət orqanlarının səlahiyyətlərinin Avropa İttifaqına verilməsinə razılıq verilməyəcək.
Seçkilər
İlk turun nəticələri belədir:
Hakim "Vətəndaş Platforması" partiyasının sədr müavini Rafal Tşaskovski 31,4% səslə birinci yeri tutub. İkinci yeri 29,5% səslə "Haqq və Ədalət" partiyasından Karol Navrotski tutub.
Seçkilərdəki seçici fəallığı 67,31% idi və bu, son 35 ildə ən yüksək göstəricidir.
Daha bir maraqlı məqamı qeyd etmək lazımdır. Elektoral coğrafiya baxımından klassik mənzərə yaşandı, Tşaskovski şəhərlərdə və ali təhsilli seçicilər arasında daha çox səs toplayıb, avro-skeptik Navrotski isə kiçik yaşayış məntəqələrində və əsasən ibtidai və ya peşə təhsilli seçicilər arasında üstünlük qazanıb.
İkinci tur 1 iyunda keçiriləcək və hər iki namizəd artıq digər namizədlərin seçicilərini qazanmağa çalışır.
Tşaskovski solçu namizədlər Adrian Zandberq və "Sol" partiyasından Maqdalena Bieyat ilə danışıqlar aparır. Onlar birlikdə 9% səs toplamışdılar.
Navrotski isə seçki günü gecə saatlarında belə deyib:"İndi siyasi mübahisələrin vaxtı deyil - indi Polşanı xilas etməliyik". Bu müraciətlə ultra-sağçı Mentzeninin dəstəyini istəyib. Mentzenin 14,9%-lik nəticəsi partiyası üçün tarixi rekord olub.
Seçkilərə 1 həftə qalıb və bu seçkilər Polşa üçün taleyüklü olacaq.
Kamran Cəfərov
TEREF