ABŞ Konqresində Türkiyənin əleyhinə çox ağır ittihamlar səsləndirilib: Kim nə deyib?

30-10-2019, 11:06           
ABŞ Konqresində Türkiyənin əleyhinə çox ağır ittihamlar səsləndirilib: Kim nə deyib?
Xəbər verdiyimiz kimi, dünən ABŞ Nümayəndələr Palatası Türkiyənin əleyhinə 2 qətnamə qəbul edib. Onlardan biri Türkiyəyə qarşı tətbiqi nəzərdə tutulan sanksiyalar, digəri isə “erməni soyqırımı” ilə bağlıdır.

Bəs böyük səs çoxluğu ilə qəbul olunan qətnamələrdə konqresmenlər hansı arqumentlərə əsaslanıblar?

Ovqat.com xəbər verir ki, əksər konqresmenlər “erməni soyqırımı” qətnaməsinin qəbulunu kürd separatçılarına dəstəyin və Türkiyəyə təzyiqin əsas şərtlərindən biri kimi təqdim ediblər.

Bildirildiyinə görə, ilk çıxışa başlayan Nümayəndələr Palatasının sədri Demokrat Partiyasının üzvü Nanci Pelosi layihənin qəbulunu tarixi hadisə kimi qiymətlədirərək deyib: "Bu gün Konqres tarixində böyük bir gündür. Gəlin, bu gün bu cinayətin (1915 hadisələri) soyqırım olduğunu açıq şəkildə ortaya qoyaq. Olanları heç vaxt unutmamalıyıq".

Amerikanın insan hüquqlarına olan sədaqətindən heç vaxt güzəştə getməməsinin vacibliyini vurğulayan Pelosi "Erməni soyqırımının" tanınmasının keçmişin səhvlərinin təkrarlanmaması baxımından əhəmiyyətli olduğunu dilə gətirib və bu sənədin hazırda “Suriyadakı kürdlərə qarşı törədilən təhlükəni xatırladacağına” inandığını bildirib.

Nümayəndələr Palatasının Demokrat lideri Steny Hoyer isə qətnamənin Türkiyə hökumətini hədəf almadığını, tarixdə olan bir hadisəylə bağlı olduğunu desə də, sənədin qəbulunu zəruri sayıb. Onun fikrincə, bu qətnamə qəbul olunmasa, bənzər soyqırım qətliamları yenə yaşana bilər.

Konqresmen həmçinin, 1915 hadisələrini Hitler Almaniyasının yəhuqi soyqırımıyla eyniləşdirib: "Türk dostlarımızın da Alman dostlarımız kimi öz soyqırım cinayətlərini tanımamasına təəssüflənirəm. Əgər öz xalqlarına bunun yanlış olduğunu desələr, o zaman bənzər hadisələr, yəqin ki, təkrarlanmaz”.

Hoyer öz fikrinə Suriya kürdlərini misal gətirərək haqq qazandırıb: "Suriyada bizim yanımızda mərdliklə vuruşan kürd müttəfiqlərimiz Türkiyənin əməliyyatı üzündən evlərini tərk etmək məcburiyyətində buraxılıblar. Günümüzdə kürdlər kimi, Rohingya (Mynamar) müsəlmanları da, uyğurlar da etnik təmizləmə və yurdlarından zorla köçürülmə siyasətinə məruz qalırlar. Bunların bir daha əsla baş verməyəcəyini yüksək səslə və açıq şəkildə elan etməliyik. Bu gün atdığımız addım Ərdoğana və onun hökumətinə "ABŞ-ın gözü üzərinizdədir” mesajını verməlidir. Erməni qardaşlarımıza, kürd qardaşlarımıza, "sizi bir daha heç vaxt tərk etməyəcəyik” deməliyik".

Nümayəndələr Palatasının Xarici İşlər Komissiyasının sədri demokrat Eliot Engel də "artıq həqiqətləri ortaya qoymağın vaxtının çatdığına” inanır. Onun da fikrincə, bəşəriyyət “tarixin ən qaranlıq səhifələrindən birinə işıq tutaraq, bunları təkrar etməyi öyrənməlidir: “Layihənin qəbulu Konqresi tarixin düzgün tərəfində tutacaqdır”.

Layihəni hazırlayan və illərdir onun Konqresdən keçməsi üçün əlindən gələni əsirgəməyən Demokrat Partiyasının Kaliforniya millət vəkili və Nümayəndələr Palatasının Kəşfiyyat Komissiyasının sədri Adam Şiff isə "erməni soyqırımının" mübahisəsiz bir həqiqət olduğunu deyib və "yüzildən çox zamandan sonra qurbanları şərəfləndirməyi” özlərinin “yeganə məsuliyyəti" hesab edib: "Bəşəriyyətə qarşı törədilmiş hər hansı cinayətə səs çıxarmaya, laqeyd qala bilmərik. Atmalı olduğumuz addım, həqiqətləri - Osmanlı İmperiyasının ermənilərə qarşı bu çirkin cinayəti işlədiyini ortaya qoymaqdır".

Belə bir layihəni keçirmək üçün illərdir məşğul olduqlarını və nəhayət, o günün gəldiyini ifadə edən Şiffi bu yerdə ağlamaq tutub və o, danışmaqda çətinlik çəkib.

Erməni layihəsi üçün yenə uzun zamandır səy göstərənlərdən biri - Demokrat Partiyasının kaliforniyalı konqresmeni Bred Şerman da bu günə qədər erməni layihələrini rədd edən Konqres üzvlərinin həmişə bir arqumenti olduğunu xatırladıb: “Bu isə "Türkiyə mühüm müttəfiqdir" arqumentidir, amma Suriya nümunəsi göstərdi ki, Türkiyənin artıq belə bir müttəfiq deyil”.

Şerman da Faşist Almaniyası ilə Türkiyəni müqayisə edib və Ankaranı Berlindən ibarət dərsi almağa çağırıb: "Almaniya böyük demokratiya keçdi, çünki tarixi ilə üzləşdi. Türkiyə də ancaq bunu edərsə müasir, rifah dolu bir ölkə ola bilər".

Digər bir çox ölkələrdə Türkiyənin təzyiqinə baxmayaraq, soyqırım layihələrinin qəbul edildiyini xatırladan Şerman Amerikanın da həqiqəti tanımasının vaxtının çatdığını deyib.

Layihəyə Respublikaçı cinahdan dəstək verənlər olub. Nyu-Cersidən seçilən nümayəndə Kristofer Smit də bu qəbildəndir. O, 2000-ci ildə Bill Klintonun ABŞ Prezidenti olduğu dövrdə də “soyqırım” layihəsini Nümayəndələr Palatasının gündəminə gətirdiklərini, ancaq hakimiyyətin dövrəyə girməsiylə Palata sədrinin geri addım atdığını xatırladıb və artıq bu vəziyyət dəyişdiyinə sevindiyini bildirib.
Demokrat Gus Bilirakis isə Türkiyəni yenə də "strateji müttəfiqləri” saysa belə, soyqırımın da soyqırım olduğu düşüncəsindədir. “Bir çox müttəfiqimiz də soyqırımı tanıyıb" deyən konqresmen Türkiyənin Suriyada ABŞ-ın "kürd müttəfiqlərinə qarşı qəddar insan haqları pozuntuları törətdiyini" iddia edib.

Kaliforniyalı konqresmen Ceki Speyer də Suriyada "kürdlərə qarşı etnik təmizləmə" siyasəti aparıldığını irəli sürüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.