Türk lirəsi: görünən və görünməyən tərəflər

22-03-2021, 12:39           
Türk lirəsi: görünən və görünməyən tərəflər
Bu gecə dünya maliyyə və forex bazarları açıldıqda, türk lirəsi 7.20 səviyyəsindən 8.40 səviyyəsinə qədər yüksəldi. Bazarda 1 lirə 20 qəpiklik bir qəp yarandı

Bəs bu kəskin sıçrayış xarakterli artım niyə baş verdi?

Valyuta.az xəbər verir ki, bu suala iqtisadçı Elman Sadıqov aydınıq gətirib.

Onun sözlərinə görə, cümə günü gün bağlandığı üçün bazarlar reaksiyalarını ilk açılışda, yəni bu gün veriblər:

“Türkiyə Cumhuriyyəti tarixində ilk dəfə olaraq 20 ay ərzində Mərkəz Bankın sədri 4 dəfə dəyişdirilib. Bazarlar bu qədər dəyişiklik və sabitsizliyi həzm etməkdə çətinlik çəkir və çəkəcəklər. Türkiyə Mərkəzi Bankının sədri, AKP-li keçmiş millət vəkili professor Şahap Kavcıoğlu təyin olundu.

Türkiyə prezidenti və AKP-nin faizlə bağlı mövqeyi məlum olduğu üçün AKP-yə yaxın bir professorun Mərkəz Bankının sədri təyin olunmasını bazarlar pessimist ruhda qarşıladı. Bazarlarda faizlərin düşürülmə cəhdləri və ya türk lirəsinin qeyri-iqtisadi, administrativ yollarla tənzimlənəcəyi ehtimalı artdı”.

Hazırda dünya özünün həssas dövrünü yaşadığını deyən E.Sadıqov, Türkiyənin bir çox siyasi manevrlər etməkdə olduğunu bildirib. Bazarlarda ABŞ-Türkiyə münasibətlərinin necə inkişaf edəcəyi ilə bağlı qeyri-müəyyənlik olduğunu vurğulayıb:

“Bu da türk lirəsini qoruyan və lirəyə qarşı olan təzyiqləri azaldan amillərdən biri kimi qiymətləndirilirdi. Bazarlar bir gözləmə mövqeyi nümayiş etdirirdi. ABŞ və Rusiya prezidentlərinin söz polemikasına Türkiyə prezidentinin məlum münasibəti bazarlardakı gözləmə və neytral mövqelərin bir hissəsini neqativə doğru yönləndirdi”.

E.Sadıqov, faiz dərəclərini dəyişməyin heç də hər zaman iqtisadi problemlərin həll olmadığını qeyd edib:

“İqtisadiyyatın qan-damar sistemini dərk etmək monetar siyasəti incəliyinə qədər dərk etmək tələb edir. Bu qanunlardan biri də yüksək faiz nəticədir, səbəb deyildir prinsipidir. Yəni, əgər bank sistemində yüksək kredit faizləri varsa bunun səbəbləri və kökləri vardır.

Bu səbəb və kökləri düzgün diaqnoz, müayinə və müalicə ilə həll etmək daha vacibdir, nəinki bu səbəbləri tapmadan və ya həll etmədən faizləri aşağı salmağa çalışmaq”.

Yeri gəlmişkən, ötən həftə Azərbaycan Mərkəzi Bankı da faiz qərarını açıqlayıb. Bu dəfə faiz dəhlizinin parametrləri dəyişməyib. Faizin ancaq nəticə olduğunu deyən E.Sadıqov faizi aşağı salmaq üçün yüksək faizi doğuran məsələləri həll etməyin vacibliyini vurğulayıb. Qardaş ölkə Türkiyədə hazırda bunun yaşandığını deyib:

“Siyasət və iqtisadiyyat arasındakı əlaqələrin necə olması ilə bağlı suala düzgün cavab tapan ölkələr həmişə rifaha qovuşublar. Müxtəlif ölkələrin iqtisadi inkişaf yolları məndə belə bir fikir formalaşdırmışdı və bu fikri bir neçə dəfə təkrar etmişəm: siyasət iqtisadiyyata xidmət etməlidir, iqtisadiyyat siyasətə deyil. İkinci hal olduqda iqtisadiyyat ağır bedel ödəyir.

Türkiyənin iqtisadiyyatı əslində belə bir vəziyyətə əlbəttə layiq deyil və hamımız güclü Türkiyə iqtisadiyyatını ürəkdən arzu edirik. Lakin, nə qədər güclü iqtisadiyyat olursa olsun, ya monetar, ya fiskal, ya da proteksionist siyasətlərdə bir-iki ciddi səhv ağır nəticələr doğurur. Təəssüf ki, bir çox dünya ölkələrində ciddi böhranlara səbəb olan məşhur səhvə Türkiyə də öz monetar siyasətində yol verdi”.

Buna baxmayaraq, vəziyyət faciəvi olmadığını qeyd edən E.Sadıqov, Türkiyə iqtisadiyyatının şaxələndirildiyini, investisiya cəlbi üçün kanalların və rıçaqların çox olduğunu deyib:

“Türkiyənin yanında olan güclü iqtisadi qüvvələr də mövcuddur ki, onların da mövcud vəziyyətdə müdaxiləsi ehtimalı yüksəkdir. Hər bir halda iqtisadiyyat, bazar çox güclü və qəddardır. Səhvə görə bedel ödədir. Türkiyənin isə uzun illər ərzində qurduğu iqtisadiyyatı bu hesabı ödəyərək yenidən ən güclü iqtisadiyyatlar sırasına qayıda biləcək. Güclü Türkiyə və güclü Türkiyə iqtisadiyyatı hər birimizin arzusudur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.