Atalar sözünə görə həbs Türkiyəli jurnalist Sedef Kabaş prezidenti təhqir etmək iddiası ilə tutuldu

24-01-2022, 00:06           
Atalar sözünə görə həbs
Türkiyədə növbəti qalmaqal yaşanır. Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etmək iddiası ilə saxlanılan jurnalist Sedef Kabaş barəsində həbs qərarı çıxarılıb.

Jurnalist məhkəmə qarşısında

İstanbul Anadolu Baş Prokurorluğu jurnalist Sedef Kabaşın prezident Rəcəb Tayyib Ərdoğana söylədiyi sözlərə görə istintaqa başlayıb. İstintaq çərçivəsində polis qrupu dünən gecə saat 02:00 radələrində Kabaşın Sarıyerdəki evinə gedərək onu saxlayıb.

Prokurorluqdakı prosedurlardan sonra Kabaş “prezidenti təhqir etdiyi” üçün həbs olunmaq tələbi ilə İstanbul Sülh Cəza Məhkəməsinə göndərilib.

“Günahkar deyiləm”

Jurnalist Sedef Kabaş məhkəmədə ifadəsini təkrarlayıb və “əsl söz, atalar sözüdür. Mən orijinal sözü dəyişdim və istifadə etdim. Anlaşıldığı kimi, mən təhqir etmək fikrində deyiləm. Demək istədiyim odur ki, cəmiyyəti əhatə edən birləşdirici üslub olmalıdır. Bunu vurğulamaq istədim. Mən ittihamı qəbul etmirəm, azadlığa buraxılmağımı tələb edirəm. Mənə qarşı olan şeyləri qəbul etmirəm” deyib.

Kabaşın vəkili Uğur Poyraz Sedef Kabaşın qaçmaq və sübutları gizlətmək imkanı olmadığını deyib: “Sübutlar toplanıb. İnanıram ki, məhkəmə düzgün qərar verəcək”.

Növbətçi hakimin isə cinayət törədildiyinə ciddi şübhələr olduğu və Sədəf Kabaşın qaçmaq və gizlənmək ehtimalının yüksək olduğunu əsas gətirərək, onun barəsində həbs qətimkan tədbiri seçib.

“Taclanan baş ağıllanar”

Bəs Sedef Kabaş əslində nə deyib? Jurnalist çalışdığı TELE-1 kanalındakı proqramda bu sözləri söyləyib: “Çox məşhur bir deyim var. Taclanan baş ağıllanar. Amma görürük ki, bu doğru deyil. Ya da əksinə, başqa deyim var. Mal saraya girəndə padşah olmaz, o saray axur olar”.

Qeyd edək ki, artıq TELE-1 kanalı barədə də araşdırma başlanılıb. Bu barədə RTÜK (Radio və Televiziya Ali Qurumu) sədri Əbubəkir Şahin bildirib: “Məsələ Ali Şuranın ilk iclasında İdarə Heyətinin gündəliyinə çıxarılacaq”.

Sedef Kabaş kimdir?

Sedef Kabaş Çağrı Beşoğlu 8 dekabr 1968-ci ildə Londonda anadan olub. Türk jurnalisti, televiziya aparıcısı, proqramçı rəhbəri, politoloq, təlimçi və məsləhətçidir. Orta təhsilini Özəl Dost Liseyində başa vurduqdan sonra ali təhsilini 1992-ci ildə Boğaziçi Universitetinin Beynəlxalq Əlaqələr Departamentində tamamlayıb və ABŞ-a gedib. Orada Boston Universitetində Televiziya Jurnalistikası üzrə magistr dərəcəsi alıb.

1997-ci ildən müxtəlif televiziya kanallarında hazırladığı və təqdim etdiyi xəbər proqramlarında verdiyi müsahibələrlə tanınır. O, Türkiyədə siyasət, iqtisadiyyat, media, akademik, incəsənət və idmanla bağlı 1500-dən çox müsahibə alıb.

Türkiyənin NTV, ATV, TV 8 və SKY kanalları üçün televiziya proqramları hazırlayıb. “Almaniyada Türk Döneri” başlıqlı xəbərlə Atlantada CNN World Report Konfransının “Ən Yaxşı Xəbər Mükafatı”nı qazanıb.

1990-cı illərdə təqdim etdiyi “Portretlər” proqramında bir çox sahədə məşhur qonaqları qəbul edib. Proqramda aparıcılıq edən qonaqlardan bəziləri bunlardır: Cem Karaca, Ahmet Kaya, Recep Yazıcıoğlu, Gazanfer Özcan, Cüneyt Arkın, Tarkan, Sakıp Sabancı, Hulki Aktunç, Üzeyir Garih, Hayrettin Karaca, Avni Arbaş, Mümtaz Soysal və Uğur Dündar. 1999-cu ildə “Portretlər” proqramına görə “Ən Uğurlu Aparıcı Mükafatı” alıb.

O, 2013-cü ildə başlayan korrupsiya və rüşvət əməliyyatı ilə bağlı yazılarına və sosial şəbəkələrdəki paylaşımlarına görə 2015-ci ildə mühakimə olunub və sonradan bəraət alıb. 2019-cu ildə qatıldığı proqramda söylədiyi sözlərə görə “prezidenti təhqir etmək” iddiası ilə mühakimə olunub. O, 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib və cəzası təxirə salınıb.

Mənbə: cnnturk.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.