Ərdoğanın Ukrayna səfərindən sonra nələr baş verəcək? - ŞƏRH

2-02-2022, 12:14           
Ərdoğanın Ukrayna səfərindən sonra nələr baş verəcək? - ŞƏRH
Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah - fevralın 3-də Ukraynaya səfər edəcək. Planlaşdırılan səfər zamanı iki ölkə arasında yeni əməkdaşlıq üçün danışıqların aparılması nəzərdə tutulur.

Maraqlıdır, Ərdoğanın Ukrayna səfəri bu ölkə ilə Rusiya arasındakı gərginliyə hansısa formada təsir edəcəkmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi sədri Samir Hümbətov qeyd edib ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Ukraynaya səfəri Rusiya ilə bu ölkənin gərginliyi fonunda çox vacibdir:

"Artıq prezident Zelenski də radioda çıxışı zamanı bildirdi ki, Türkiyə ilə Ukrayna arasında sərbəst ticarət əlaqələri barədə sənəd imzalanacaq. Bu isə birbaşa Ukrayna-Türkiyə arasındakı iqtisadi əlaqələrin ən üst səviyyəyə qaldırılması deməkdir. Digər tərəfdən, hər iki dövlət arasında 2020-ci ilin 16 oktyabr tarixində 21 sahə üzrə hərbi əməkdaşlıq barədə sənəd imzalanıb, yəni Türkiyə faktiki olaraq Ukraynanın müttəfiqidir.

Hesab edirəm ki, Ərdoğanın birinci Ukraynaya səfər etməsinin simvolik anlamı var. Bu, Rusiyaya mesajdır – yəni Ukraynanı birinci sırada tuturuq. Ardınca Ərdoğan Moskvaya da səfər edə, yaxud Putinlə telefon danışığı keçirə bilər. Hər vəziyyətdə Türkiyə prezidentinin Ukraynaya səfəri olduqca əhəmiyyətlidir. Ərdoğanın hansısa formada müəyyən konsensus əldə edilməsi üçün imkanı ola bilər”.

Müsahibimiz bildirib ki, Türkiyənin neytral möqve tuta biləcəyini, münaqişənin dinc yolla həll olunmasında əsas iştirakçılardan olacağını da güman etmək olar:

"Ərdoğanın bu səfərindən sonra Rusiya-Ukrayna gərginliyində bir yumşalma hiss oluna bilər. Çünki Qərb ölkələri Rusiyaya ciddi təzyiq edir. Rusiyanın tək çıxış yolu məsələni sakitləşdirməkdir və bunun üçün də ən yaxşı vasitə Türkiyədir, artıq bundan da istifadə etməyə çalışır. Ötən il belə bir gərginlik olan zaman Türkiyə prezidenti vasitəçiliklə bağlı müraciət etsə də, Rusiya bu təklifi rədd etmişdi. Lakin indi qəbul edib, görünür, Rusiya da küncə sıxılıb və Türkiyənin köməyinə böyük ehtiyac var. Bu baxımdan nəticənin əldə olunmasını mümkün hesab edirəm”.

Günay Rəsulqızı
Sfera.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.