ABŞ-la Türkiyə arasında “F-35" mübahisəsi- pulu ödənib, amma təhvil verilməyib

3-02-2022, 08:59           
ABŞ-la Türkiyə arasında “F-35" mübahisəsi-
Hərbi ekspert: “Bu problem hüquqi müstəvidə mübahisələndirilsə, məsələ Türkiyənin xeyrinə həll olunacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “ABŞ-a 1 milyard 450 milyon dollar ödədik, amma qırıcıları hələ də təhvil verməyiblər” - deyə açıqlama verib. Onun sözlərinə görə, Türkiyə Rusiyadan S-400-ləri aldığı andan beynəlxalq ictimaiyyət ciddi şəkildə narahat olmağa başlayıb, lakin bu, Türkiyənin qərarıdır və kimsənin müdaxilə etməsi mümkünsüzdür. Ərdoğan bildirib ki, Rusiya ilə müqavilə bağlamaları NATO ilə münasibətlər baxımından heç bir problem yaratmır. Çünki NATO ölkələrinin hər biri silahlanmada öz qərarını verir.

Prezident Ərdoğan “təəssüf ki, Amerikanın pulunu ödədiyimiz halda bizə vermədiyi məhsullar var ki, onlardan ən əsası “F-35” qırıcılarıdır. Bunun üçün ABŞ-a 1 milyard 450 milyon dollar ödəmişik. Amma bizə qırıcıları hələdə təhvil verməyiblər", - deyə, narahatlığını ifadə edib.

R.T.Ərdoğan müdafiə nazirləri səviyyəsində müəyyən görüşləri keçirərək yaranan problemin həll edilə biləcəyini vurğulayıb. Türkiyə lideri ölkəsi ilə ABŞ-ın münasibətlərinin pozulmasını istəmir.

ABŞ-ın bu addımı şantaj sayıla bilərmi? Necə ola bilər, pulu əvvəlcədən ödənilən məhsul, mal qarşı tərəfə təhvil verilmir? Bununla ABŞ dünya hegemonu olduğunu göstərir. Həm də Türkiyə-Rusiya hərbi əməkdaşlığından çəkindiyini açıq büruzə verir. Bəs prosesin sonu hara gedib çıxa bilər?

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-la Türkiyə arasında yaranan bu qalmaqalın səbəbkarı Rusiyadır. Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini alması Türkiyənin ABŞ-la, NATO ilə problemlərinin yaranmasına gətirib çıxardı. Bu problem hələ də qalır və o həddə çatıb ki, ABŞ Türkiyədən öncədən aldığı vəsaitin qarşılığında göndərməli olduğu silahları Türkiyəyə hələ də verməyib. Məlumatlara görə, ABŞ “F-35”-ləri Türkiyəyə verməməkdə qərəzlidir: “Lakin məncə əvəzində ”F-16"-lar veriləcək. Çünki aparılan danışıqlardan belə başa düşmək olar ki, artıq “F-35"lərdən Türkiyə əlini üzməli olacaq. Türkiyənin nümayəndə heyətinin bu problemlə əlaqədar ABŞ-a getməsi və müzakirə aparmaları da “F-35”lərin Türkiyəyə verilməsinə gətirib çıxarmayıb. Amma bu danışıqların “F-16"ların daha modern tiplərinin Ankaraya verilməsinə səbəb olacağı daha realdır. ABŞ həm Türkiyəni itirməmək üçün “F-35”ləri, “F-16"larla əvəzləyəcək və bu məsələyə nöqtə qoyulacaq. Şübhəsiz ki, ABŞ Türkiyənin ödədiyi pulu geri qaytaran deyil. Hərçənd ki, büdcəsi trilyonlarla ölçülən ölkə üçün 1 milyard 450 milyon dollar elə də böyük vəsait deyil. Amma burada bir az şərəf məsələsi də var. Ona görə də, məncə, ”F-16"lar veriləcək və məsələ bununla yekunlaşacaq. Hesab edirəm ki, elə bu il Türkiyə “F-16"ları qəbul eləməyə başlayacaq”.

Ekspert qeyd etdi ki, ABŞ hegemon dövlətdir, amma bu ona əsas, hüquq vermir ki, müttəfiqindən rəsmi müqavilə ilə aldığı pulun qarşılığında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etsin. Türkiyə istəsə, ABŞ-ı beynəlxalq məhkəməyə verə bilər: “Bunun üçün beynəlxalq hüquq, beynəlxalq silah ticarətini tənzimləyən hüquq Türkiyəyə imkan verir. Türkiyə bu problemi hüquqi müstəvidə mübahisələndirsə, məsələ Türkiyənin xeyrinə həll olunacaq. Çünki razılığı birtərəfli qaydada Amerika pozur. Türkiyə qarşılıqlı müqavilədən irəli gələn üzərinə düşəni edib. Sifarişi qəbul edən tərəf kimi ABŞ öhdəliyini yerinə yetirməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.