Nazim İbrahimovun komitəsindən "tərs bayraq" qalmaqalına reaksiya: “Parka hücum olub”

7-05-2015, 23:27           
Nazim İbrahimovun komitəsindən "tərs bayraq" qalmaqalına reaksiya: “Parka hücum olub”
Diasporla İş üzrə Dövlət Komitəsi bu gün virtualaz.org saytında yayımlanmış “Nazim İbrahimovun işçisi Xocalı parkında bayrağımızı tərsinə asdırıb” sərlövhəli məqaləyə münasibət bildirib.

Komitədən bildirilib ki, bu il fevralın 27-də Türkiyənin Manisa şəhərinin Turqutlu bələdiyyəsində Xocalı Şəhidləri Parkının açılışı zamanı Azərbaycan Respublikasının dövlət bayrağı “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğu olaraq qaldırılıb: “Lakin 2015-ci ilin aprel ayında Türkiyənin Turqutlu rayonunda yerləşən Xocalı Şəhidləri Parkındakı lövhə naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Bununla əlaqədar Turqutlu bələdiyyəsi tərəfindən müvafiq tədbirlər görülüb, parkda təmir-bərpa işləri aparılıb.
Təəssüf ki, parkda aparılan bərpa işləri zamanı bələdiyyədə çalışan işçilərdən birinin səhvi üzündən belə bir xoşagəlməz hadisə baş verib, Azərbaycan bayrağı müvafiq qaydalara uyğun qaldırılmayıb. Dövlət Komitəsinin əməkdaşları Türkiyə Azərbaycan Dərnəyinin rəhbərliyi, o cümlədən Ənvər Türkoğlunun vasitəsilə bu barədə dərhal Turqutlu bələdiyyəsinə məlumat verib, yol verilmiş nöqsan dərhal aradan qaldırılıb.
Xəbərdə yerləşdirilmiş fotoşəkillərin Dövlət Komitəsi əməkdaşının iştirak etdiyi açılış mərasiminə heç bir aidiyyəti yoxdur və parkda təmir-bərpa işlərinin bitməsindən sonra çəkilib. Təmir-bərpa işləri zamanı yol verilmiş nöqsan isə dərhal aradan qaldırılıb”.
Virtualaz.org xatırladır ki, həmin parkda qoyulmuş və Xocalı faciəsi haqda məlumatların əks olunduğu lövhənin yararsız hala salınması barədə aprelin əvvəllərində Türkiyə mətbuatı yazıb. Lakin həmin insidentdə söhbət ancaq lövhənin yararsız hala salınmasından gedirdi, bayraq dirəyindən asılmış Azərbaycan bayrağının sıradan çıxarıldığı haqda heç nə deyilmirdi.
Həmin insidentlə bağlı Turqutlu bələdiyyəsinin sədri Turqay Şirin faktla bağlı açıqlama verərək lövhəni yararsız hala salanların tapılması üçün axtarışa başlandığını bildirib və tez bir zamanda parkda yeni lövhənin yerləşdiriləcəyini qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.