“Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən - BAHA SATILIB

2-06-2025, 16:02           
 “Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən - BAHA SATILIB
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən daha bir supermarketdə hüquq pozuntusu faktı üzrə inzibati protokol tərtib olunub.

FED.az xəbər verir ki, bu dəfə məsuliyyətə cəlb olunan tanınmış marketlər şəbəkəsi olan “Bazarstore” MMC olub.

Agentliyin apardığı araşdırma nəticəsində müəyyən olunub ki, mağazada satışda olan qida məhsulu kassada üzərində göstərilmiş qiymətdən baha satılıb. Yəni etiketdə göstərilən məbləğlə real ödəniş məbləği arasında fərq olub, bu isə istehlakçının aldadılması anlamına gəlir.

Qeyd edilən hüquq pozuntusuna görə 18 fevral 2025-ci il tarixində müvafiq inzibati protokol tərtib edilib. Belə hallar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə ziddir.

Qanunvericiliyə əsasən, satıcılar məhsulun üzərində göstərilən qiymətə tam riayət etməlidir. Əks halda, bu kimi az miqdarda da olsa aldatma halları, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə uyğun olaraq istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilir.

Agentlik tərəfindən bu cür hallar nəzarətdə saxlanılır və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər həyata keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.