Britaniya mətbuatı: ''Türkiyə çevrilişçilərini smartfon ələ verib''
5-08-2016, 07:16
“The Guardian” yazır ki, Türkiyə hökuməti baş tutmamış çevrilişdə iştirak etməkdə ittiham olunan minlərlə insanın izinə smartfonlarda istifadə olunan və çox da yaxşı tanınmayan aplikasiyanın kilidini sındırmaqla düşə bilib.
Təhlükəszilik ekspertləri Reuters agentliyinə deyiblər ki, həvəskar proqamçılar tərəfindən hazırlanmış ByLock adlı aplikasiya öz istifadəçiləri haqqında mühüm informasiyanı şifrəsiz qoyur.
Vəzifəli Türkiyə rəsmilərindən biri deyib ki, hökumət bu aplikasiyanın kilidini hələ ilin əvvəllərində sındırmış və gizli dini hərəkata üzv olan on minlərlə insanın izinə düşə bilmişdi.
“The Guardian” yazır ki, təşkilatın üzvləri applikasiyanın sındırıldığını bir neçə ay bundan əvvəl başa düşüb ondan istifadəni dayandırsalar da, artıq iş-işdən keçmişdi.
Hökumətin əlində olan informasiya minlərlə müəllim, əsgər və ədliyyə işçisinin repressiylarına yol açmışdı. Türkiyə baş tutmamış çevriliş cəhdinin arxasında ABŞ-da könüllü sürgündə yaşayan müsəlman ruhanisi Fethullah Gülenin durduğunu bildirir.
Bəlkə elə fethullahçılar yaradıb?
Hökumət rəsmisi bildirib ki, ByLock aplikasiyasından alınmış məlumatlar gizli şəbəkənin böyük hissəsini aşkarlamaq imkanı yaradıb.
Rəsmi bildirib ki, hökumət bu aplikasiyadan istifadə edənlərin çevriliş cəhdi ilə birbaşa bağlı olduqlarına əmindir. Türkiyə hökumətinin rəsmisi deyib kİ, ola bilsin, ByLock aplikasiyasını elə fethullahçıların özləri düzəldiblərmiş.
ABŞ-İsrail təhlükəsizlik firmasının eksperti Tim Strazzere deyib ki, ByLock şifrə baxımından müdafiəsiz mesajlaşma sistemidir və hazırda ondan çox da geniş istifadə olunmur.
Maraqlıdır ki, əksər təhlükəsizlik və mesajlaşma ekspertləri Türkiyə hökuməti bu barədə məlumat yayana qədər ByLock aplikasiyası barədə heç nə eşitməmişdilər.
“The Guardian” yazır ki, məsələnin mahiyyətini ABŞ-dakı John Hopkins Universitetinin kompüter elmləri professoru və kriptoloq Matthew Green izah edib.
O deyib ki, ByLock şəbəkəsi istifadə olunduğu hər bir cihaz üçün şəxsi təhlükəsizlik açarı yaradır və bu əslində istifadəçilərin anonimliyini qorumalı idi.
Lakin bu açarlar şifrələnmədən mərkəzi serverə göndərilir. Bu isə o deməkdir ki, serverə girə bilən hər bir kəs messaj trafikini asanca deşifrə edə bilər.
Fethullah Gülen çevriliş cəhdində əli olduğu barədə iddiaları rədd edir.
Professor yazır: “Mən bir şeyi deyə bilərəm: bu app-i ya həvəskar və naşı adam düzəldib, ya da onu məqsədli şəkildə hazırlayıblar.”
İş işdən keçəndən sonra
“The Guardian” yazır ki, ByLock aplikasiyası 2014-cü ildə yaradılmış və Apple və Google Play-də istifadə olunmuşdu. Lakin elə həmin il yaradıcıları aplikasiyanı dayandırıblar.
Əsasən Android, Windows Phone və Blackberry istifadəçilərini hədəfləyən yeni aplikasiya versiyaları isə daha pis mühafizə sisteminə malik idi.
2014-cü ilin noyabrında özünü ByLock-un yaradıcılarından biri kimi təqdim edən birisi bloqpostunda yazırdı ki, aplikasiya 1 milyondan artıq istifadəçi cəlb edib və onun təhlükəsizliyini təmin etmək çətinləşir. Buna səbəb kimi aplikasiyanın “Yaxın Şərq ölkələrinin birindən” hücuma məruz qalması göstərilirdi.
Lakin ekspertlərin fikrincə, Facebook Messenger və WhatsApp kimi mesajlaşma sistemlərinin dünya boyunca bir milyard istifadəçisi olduğu nəzərə alınarsa, 1 milyon olduqca kiçik rəqəmdir. Reuters agentliyi ByLock-un rəsmi yaradıcısı kimi təqdim olunan oreqonlu David Keynes adlı şəxsin kimliyini müəyyən edə bilməyib.
“The Guardian yazır ki, 2015-ci ilin mayında Türkiyə kəşfiyyat xidməti ByLock-u sındırmaqla artıq 600 yüksək rütbəli zabit də daxil, 40 min fethullahçı əməliyyatçını aşkar edə bilmişdi.
Lakin Türkiyə rəsmiləri bidlirirlər ki, ByLock kəşfiyyata Gülen hərəkatını ifşa etmək imkanı versə də, onlar bilavasitə çevrilişə hazırlığı WhatsApp kimi daha mühafizəli aplikasiyalarda aparmışdılar. Buna baxmayaraq, hökumət artıq həbs olunmuş çevrilişçilərin vasitəsilə WhatsApp-dakı mesajlara da girə bilmişdi (BBC).