Təbrizin bir universitetində fakültativ türkcə dərsi tələbələr tərəfindən rəğbətlə qarşılanır

Bu gün, 07:54           
Təbrizin bir universitetində fakültativ türkcə dərsi tələbələr tərəfindən rəğbətlə qarşılanır
Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetində yenidən tədris olunan "Azəri türk dili və ədəbiyyatı" kursu tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, bu il fakültativ olaraq yenidən təklif edilən kursun tutumu 50 tələbə ilə məhdudlaşdırılsa da, bütün yerlər dolub.

Həmçinin bu barədə həmin universitetin tələbələri tərəfindən idarə olunan "Azərbaycan Bilimyurdunun Ocağı" Telegram kanalında da məlumat yayılıb.

Bəzi tələbələr kursun genişləndirilməsini istəyərək, daha çox tələbənin bu dərslərdə iştirak etməsinin mümkün olacağını vurğulayıblar. Lakin kursun "Azəri türkcəsi" adı altında tədris olunması və tədris metodlarına dair bəzi narazılıqlar hələ də davam edir.

Xüsusilə, kursun adında "Azəri" ifadəsinin işlədilməsi bəzi tələbələr tərəfindən tənqid olunur. Onlar "türkcə" və ya "Azərbaycan türkcəsi" ifadələrinin istifadə edilməsinə üstünlük verirlər. Eyni zamanda, kursu tədris edəcək professorların əsasən fars dili və ədəbiyyatı üzrə mütəxəssislər olması da tənqidlərə səbəb olub.

Buna baxmayaraq, yaranan bu fürsətdən faydalanan tələbələr arasında ana dilini öyrənməyə maraq davam edir.
Bu kurs ilk dəfə 2018-ci ildə İranın Elm Nazirliyinin təsdiqi ilə universitetin tədris proqramına daxil edilib. Lakin illər ərzində kurs dəfələrlə ləğv olunub və pandemiya dövründə tamamilə dayandırılıb. 2018-ci ildə tələbələr türkcə dərslərinin olmamasına etiraz olaraq aksiyalar keçiriblər, nəticədə universitet rəhbərliyi bu dərslərin yenidən tədris olunacağına söz verib.

İranda ana dilində təhsil hüququ və ya məktəblərdə ana dilinin tədris edilməsi məsələsi hələ də müzakirələrin mərkəzindədir. Azərbaycan türklərinin dil və mədəni hüquqlarının təmin edilməsi ilə bağlı siyasi vədlərə baxmayaraq, bu sahədə ciddi irəliləyiş müşahidə olunmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.