Türkiyə Prezidenti: “Mən hələ də Əsədlə görüşə ümid edirəm”
Bu gün, 07:36
“Bu görüş Türkiyə-Suriya münasibətlərinin normallaşması üçün vacibdir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşməyə ümid edir. AYNA xəbər verir ki, bu barədə Türkiyə lideri Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Prezident qeyd edib ki, bu görüş Türkiyə-Suriya münasibətlərinin normallaşması üçün vacibdir: “Biz münasibətlərin normallaşması üçün əlimizi Suriya tərəfinə uzatdıq. Bunun Suriyada sülh və əmin-amanlığın qapısını açacağına inanırıq. Mən hələ də Əsədlə görüşə ümid edirəm. Mənim də ümidim var ki, biz bir araya gəlib Suriya ilə Türkiyə arasında münasibətləri normallaşdıra bilərik. Çünki terror təşkilatlarını məhv etməliyik. Suriyada ədalətli və davamlı sülh üçün zəmin var. Bunu təmin etmək üçün atılması lazım olan addımlar da göz qabağındadır”.
“Suriyanın ərazi bütövlüyünü təhdid edən biz deyilik. Suriyanın ərazi bütövlüyü terrorçular, xüsusilə PKK/PYD/YPG terror təşkilatı tərəfindən təhdid edilir. Suriyanın ərazi bütövlüyü bir çox ölkələrə səpələnmiş suriyalılar tərəfindən təhdid edilmir. Əsəd bunu dərk etməli və ölkəsində yeni ab-hava yaratmaq, ölkəsini qorumaq üçün addımlar atmalıdır. İsrailin Suriya üçün yaratdığı təhlükə nağıl deyil”, - deyə Türkiyə lideri vurğulayıb.
Müəllif: Ayna.az