Ərdəbildə siyasi fəal Yusuf Kari mülki zəmanətlə sərbəst buraxılıb
Bu gün, 15:38
Ərdəbildə siyasi fəal Yusuf Kari 30 həftədən artıq nəzarətdə saxlanıldıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi mənbələrin bildirdiyinə görə, milli fəal 300 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib.
Keçmişdə İranın məhkəmə və təhlükəsizlik orqanları tərəfindən məruz qaldığı təzyiqlərdən dolayı işindən qovulan Kari oktyabrın 28-də Ərdəbil şəhərinin bir küçəsində meyvə satarkən nəzarət altına alınmışdı.
Hüquq müdafiəçiləri onun nəzarət altına alındığı zaman və ertəsi gün polis təcridxanasında məmurlar tərəfindən şiddətli döyüldüyünə dair xəbərlər yaymışdılar.
Siyasi fəalın nədən saxlanıldığı barədə dəqiq məlumat yayılmayıb. Lakin, HRA agentliyinin xəbərinə görə, Ərdəbilin Ümumi və İnqilab Prokurorluğu Kariyə qarşı “ictimai rəydə təşviş yaratmaq” ittihamını irəli sürüb.
Yusuf Kari keçmiş illərdən bəri dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər və İran Azərbaycanında təşkil olunan siyasi və mədəni tədbirlərdə iştirak səbəbilə həbs və işdən qovulma kimi müxtəlif təzyiqlərə məruz qalıb.