Evin həbsxanasında saxlanılan türk fəalların işi Tehranın apellyasiya məhkəməsində

Bu gün, 11:14           
Evin həbsxanasında saxlanılan türk fəalların işi Tehranın apellyasiya məhkəməsində
Keçən ilin oktyabr ayında Tehranın İnqilab Məhkəməsi tərəfindən 3 ildən 13 ilə qədər həbsə məhkum edilən türk fəalların şikayəti Tehran vilayəti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərilib.

İnsan haqları vəkili Sina Yusufi işi həmin şöbəyə göndərilən fəallardan 15 nəfərinin adını öz X hesabında açıqlayıb. Sözügedən fəallardan bəziləri hazırda Tehranın Evin həbsxanasında saxlanılır, bir qismi isə müvəqqəti azadlıqdadır.

2024-cü ilin fevral ayında İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınıb, Tehranın Evin həbsxanasına köçürülən 30-a yaxın siyasi fəal Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində “nizama qarşı təbliğat”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və casusluq kimi ittihamlarla mühakimə edilib.
Məhkəmə, o cümlədən Araz Əman, Bağır Hacızadə və Ayaz Seyfxahı 13 il, Tahir Nəqəvi Murtəza Pərvin və Əbdüləziz Əzimi Qədimi 6 il, Səid Minayi, Hüseyn Piri, Salar Tahir Afşar, Fatma Atəşi Xiyavi və Kərəm Mərdanəni 5 il, Vədud Əsədini 4 il, Kəmal Nuri, Süleyman Məhəmmədi və Həsən İbrahimi Şiranı isə 3 il həbsə məhkum edib.

Vəkil Sina Yusufi hesab edir ki, fəalların şikayətinin Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməsi ehtimalı azdır.

O, Amerikanın Səsinə deyib ki, “Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi ümumiyyətlə ‘təsdiq’ şöbəsi kimi fəaliyyət göstərir. İnqilab məhkəmələrində təhlükəsizlik ittihamları ilə mühakimə olunmuş fəalların işi əksər hallarda bu şöbəyə gedir. Bu şöbə də əksər hallarda ilkin məhkəmənin hökmünü qüvvədə saxlayıb və icra şöbəsinə göndərir.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.