TDT-nin Baş Katibi: Qırğızıstan-Özbəkistan-Tacikistan sazişi tarixi baxımdan mühüm hadisədir
Dünən, 09:24

TDT-nin Baş Katibi: Qırğızıstan-Özbəkistan-Tacikistan sazişi tarixi baxımdan mühüm hadisədir
Qırğızıstan-Özbəkistan-Tacikistan sazişi regional əməkdaşlığın gücləndirilməsi və tarixi baxımdan mühüm hadisədir.
Bu fikirlər Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin yaydığı bəyanatda yer alıb.
Baş katibin bəyanatı bu gün Tacikistanın Xucənd şəhərində keçirilən Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət başçılarının Üçtərəfli Zirvə görüşü və həmin ölkələrin dövlət sərhədlərinin birləşmə qovşağı haqqında Sazişin imzalanması ilə bağlı verilib.
Qeyd olunub ki, birinci Üçtərəfli Zirvə görüşü regional əməkdaşlığın gücləndirilməsi, Mərkəzi Asiyada sabitliyin, rifahın təşviq olunması baxımından mühüm dönüş nöqtəsinin başlanğıcıdır.
Baş Katib həmçinin bildirib ki, Qırğızıstan, Özbəkistan və Tacikistan respublikalarının dövlət sərhədlərinin birləşdiyi məkanda tarixi Sazişin imzalanması liderlərin açıq dialoq və konstruktiv əməkdaşlıq mövzusunda nümayiş etdirdikləri qətiyyətin rəmzidir: “Bu addımlar mürəkkəb məsələlərin diplomatiya və qarşılıqlı anlaşma yolu ilə həlli baxımından da vacib bir nümunədir”.
K.Ömüraliyev üç qardaş ölkənin regional tərəfdaşlığı dərinləşdirmək, ortaq sülh, təhlükəsizlik və iqtisadi inkişafı təşviq etmək istiqamətində göstərdiyi bu əzmkarlığı yüksək qiymətləndirib və qeyd edib ki, TDT Türk dövlətləri ilə qonşu ölkələr arasında birliyi, əməkdaşlığı gücləndirən təşəbbüsləri dəstəkləməkdə davam edəcək. \\Report