Turistlərin kartlarından 29 milyon dollar oğurlandı – Polis nəhəng şəbəkəni çökdürdü
Bu gün, 11:14
Türkiyənin Aydın şəhər Jandarma İdarəsi xarici turistlərin bank kartlarından pul oğurlayan mütəşəkkil cinayətkar dəstənin 20 üzvünü saxlayıb.
“AzPolitika” yerli KİV-ə istinadla xəbər verir ki, cinayətkar qrup ümumilikdə 1 milyard 150 milyon türk lirəsi (təxminən 29,2 milyon ABŞ dolları) məbləğində vəsaiti ələ keçirib. Ən azı 268 turist bu fırıldaqçılıqdan zərər çəkib.
Məlumata görə, dəstəyə məşhur Kuşadası kurortundakı bir otelin sahibi rəhbərlik edib. Əməliyyat mayın 31-də müxtəlif bölgələrdə – Antalya, İzmir və İstanbulda həyata keçirilib. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya əməliyyatla bağlı məlumat versə də, təfərrüatlar açıqlanmayıb.
Araşdırma zamanı hüquq-mühafizə orqanları Kuşadasındakı iki oteldə POS-terminallar vasitəsilə şübhəli əməliyyatlar aparıldığına dair məlumat əldə ediblər. Nəticədə dörd ay ərzində qrup izlənilib. Müəyyən edilib ki, dəstənin rəhbəri turistlərin kart məlumatlarını toplayaraq digər otellərə və avtomobil icarəsi şirkətlərinə ötürüb. Zərərçəkən turistlər isə vəsaitlərinin oğurlandığını yalnız ölkələrinə qayıtdıqdan sonra öyrəniblər.