Sani Türkiyədə: Qətər vəziyyətdən çıxmaq üçün...
16-01-2018, 09:03
Türkiyə ilə Qətərin əlaqəsi bir sıra qüvvələri qıcıqlandıra bilər.
Bu sözləri Axar.az-a politoloq Arzu Nağıyev Qətər əmirinin Türkiyə səfərini şərh edərkən deyib. O bildirib ki, Türkiyənin həm Somalidə, həm Sudanda, həm də Qətərdə hərbi bazası var:
“Son vaxtlar Suriyada baş verən proseslərdən sonra sərhəddə PKK-ya qarşı müəyyən qurumların yaradılması üçün maliyyələşdirmənin bir hissəsi Qətər vasitəsilə də həyata keçiriləcək”.
Politoloq qeyd edib ki, ümumiyyətlə, Qətər Türkiyəni özünə bir platforma kimi görür:
“Son vaxtlar Səudiyyə Ərəbistanı və digər dövlətlər tərəfindən Qətərə qarşı müəyyən sanksiyalar tətbiq olunub. Qətər bu vəziyyətdən çıxmaq üçün Türkiyənin timsalında özünə yeni bir tərəfdaş axtarışındadır. Burada hər hansı iqtisadi və digər məsələlərdən söhbət gedə bilməz. Çünki Qətərlə İranın mühüm əlaqələri var. Məhz buna görə də birbaşa NATO üzvü olan Türkiyə ilə Qətərin əlaqəsi bir sıra qüvvələri qıcıqlandıra bilər”.
Qeyd edək ki, Qətər əmiri Təmim bin Həmad əs-Sani Türkiyədə səfərdədir.