Afrin əməliyyatı: Suriyadan atılan raketlə "17 yaşlı qız öldürülüb"

1-02-2018, 00:03           

Çərşənbə günü Afrinlə həmsərhəd Türkiyə ərazisinə Suriyadan atılan raket 17 yaşlı qızın ölümü ilə nəticələnib, rəsmilər bildirir.

Türkiyənin Reyhanlı şəhərinin bələdiyyə başçısı Huseyn Şanverdi daha bir raket hücumunda iki nəfərin xəsarət aldığını deyib.

Rəsmi Anadolu agentliyinə əsasən 17 yaşlı Fatma Avlar xəstəxanaya çatdırılandan sonra vəfat edib. Agentlik "YPG tərəfindən" atılan raketlərin Türkiyə ərazisində iki evə düşdüyünü yazır.

Türkiyə yanvarın 20-də Afrin ətrafındakı YPG kürd qüvvələrinə qarşı Zeytun budağı əməliyyatını başlayıb. Əməliyyatda Ankaranın dəstəklədiyi Azad Suriya Ordusunun döyüşçüləri də iştirak edir.

Ankara Afrindən çıxarmağa çalışdığı YPG qrupunu Türkiyə, ABŞ və Aİ-də terrorçu tanınan PKK-nın qolu adlandırır. Bu qrup özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı ABŞ-ın apardığı kampaniyada aparıcı döyüş qüvvəsi olub.

Mülkilər arasında itkilər

Çərşənbə gününə qədər Türkiyənin cənub-şərqindəki Hatay və Kilis bölgələrinə düşən raketlər ən azı 4 nəfərin ölümünə səbəb olub.

Mülkilər arasında onlarla ölümlər barədə Suriya mənbələri də bildirir. Hərçənd ki, Ankara hesab edir ki, bu barədə məlumatlar həqiqətə uyğun deyil. Türkiyə ordusu dinc əhali arasında itkilərə yol verməməyə çalışdığını qeyd edir.

Turkiyə ordusu əməliyyatın əvvəlindən "terror qruplarının" 712 üzvünün öldürüldüyünü açıqlayıb.

Xəbərdarlıq
Bu arada Türkiyənin Afrindəki əməliyyatı bəzi Qərb paytaxtlarında tənqidlə qarşılanır.

Ötən həftə Almaniya siyasətçiləri YPG-ə qarşı istifadə olunduğu deyilən Leopard-2 tanklarının təchizi ilə bağlı Türkiyə ilə yeni sövdələşmə əleyhinə çıxıblar.

Fransa prezidenti isə deyib ki, "Zeytun budağı" əməliyyatı işğala çevrilsə, bu sual yarada bilər.

Emmanuel Macron-un dediklərinə Türkiyənin baş naziri belə reaksiya verib: "Türkiyənin qətiyyən bir işğal məntiqinə uyğun hərəkət etmədiyini bütün dünya bilir".

Binali Yıldırımın dedikləri faktiki olaraq bir gün əvvəl Türkiyə prezidentinin bəyanatını təkrarlayır.

Prezident Recep Tayyip Erdoğan əməliyyata dair ölkəsinin qərarlılığını vurğulayaraq deyib ki, Afrindəki əməliyyat "terror təhlükəsi aradan qalxanadək" davam etdiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.