Rəsmi Bakı Qarabağ separatçılarının Moskvaya dəvətindən ciddi narahatdır

25-02-2019, 23:10           
Rəsmi Bakı Qarabağ separatçılarının Moskvaya dəvətindən ciddi narahatdır
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Lazerev klubu” iclasının Moskvada keçirilməsi barədə açıqlama verib.
L.Abdullayeva bildirib ki, ötən il fəaliyyətə başlamış Rusiya-Ermənistan "Lazerev klubu"nun meydançasından təxribat məqsədləri ilə istifadə edilir. XİN rəsmisinin sözlərinə görə, bu, 2018-ci ilin 30 noyabr - 1 dekabr tarixlərində Yerevanda keçirilmiş həmin klubun ilk iclasında səsləndirilən fikirlərdən aydın şəkildə görünür: "Xatırladaq ki, Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiyadakı səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə çatdırıb. Hələ ötən ilin dekabrında tərəfimizdən qeyd edilib ki, özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir. Təşkilatçıların Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrini iclasa dəvət etməsi, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də digər iştirakçıların səsləndirdiyi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür. Həmçinin xüsusilə vurğulandı ki, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir".
L.Abdullayeva deyib ki, təəssüflər olsun ki, sözügedən klubun təşkilatçıları onun fəaliyyətində heç bir dəyişiklik etmək məramını nümayiş etdirmir və keçirilməsi cari ilin 5-6 mart tarixlərində Moskvada nəzərdə tutulan klubun ikinci iclasına da qondarma rejimin nümayəndələrinin dəvət edilməsini gizlətmədən bəyan edirlər: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar sayəsində dinc yolla nizama salınması məqsədləri ilə açıq-aşkar ziddiyyət təşkil edən "Lazerev klubu"nun bu kimi fəaliyyəti Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə heç cür səslənmir. Belə tədbirin həmsədr ölkələrindən biri olan Rusiyanın paytaxtında həmin ölkə parlamentində rəhbər vəzifədə çalışan rəsmisi tərəfindən təşkil edilməsi fonunda tədbirə qondarma rejimi nümayəndələrinin dəvət olunmasının qarşısının alınmasına dair yetərli səylər göstərilməyəcəyi təqdirdə, bu müəyyən sualların yaranmasına əsas verəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.