Mirzə Cəlilin qohumlarını kim tapıb: jurnalist, yoxsa akademik?

20-11-2019, 09:21           
Mirzə Cəlilin qohumlarını kim tapıb: jurnalist, yoxsa akademik?
Jurnalist Hafiz Əhmədovun bu sahədə apardığı araşdırmalar bütün Azərbaycan cəmiyyətinə köməklik etdi”
Görkəmli ədib və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəvəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gələrək, 68 ildən sonra ulu babalarının evini ziyarət ediblər.

Son vaxtlar tarixi şəxslərin nəvə-nəticələrinin Bakıya dəvət olunması ictimaiyyət tərəfindən də böyük maraqla qarşılanıb. Bəs bu işin təşəbbüskarları kimlərdir? Suallar yaranır ki, hansı səbəbdən Azərbaycan üçün çox dəyərli olan tarixi şəxsiyyətlərin davamçıları öz ulu babaları və Azərbaycan haqqında məlumatsızdırlar?



AMEA-nın vitse-prezidenti, deputat, akademik İsa Həbibbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, görkəmli ədib Cəlil Məmmədquluzadənin davamçılarının Bakıya dəvət olunmasının təşəbbüskarlarından biri özüdür: “Cəmil Məmmədquluzadənin davamçıları ilə 1990-cı ildən maraqlanıram. İlk dəfə 1992-ci ildə yanvarın 25-də Tehranda bu nəslin davamçıları ilə görüşmüşəm. O zaman hələ sağ olan Ənvər Məmmədquluzadə Cavanşirin oğlu Teymur Cavanşiri və qardaşı Mithəd Cavanşiri ilə görüşümüz olmuşdu. Onların bacısı Nizhetin əri ilə 1993-cü ildə Tehranda görüşmüşəm. Bu haqda fotolarımız da var. O zaman onları dəvət etmişdim ki, Azərbaycana gəlsinlər. Sadəcə, Teymur Cavanşiri maşın qəzasında dünyasını dəyişdikdən sonra bu proses dayandı. Lakin müxtəlif zamanlarda Mithəd Cavanşiri ilə 4 dəfə görüşümüz olub. 2013-cü ildə Müthəd Cavanşiri də dünyasını dəyişdikdən sonra əlaqələrimiz kəsildi”.


İsa Həbibbəyli jurnalist Hafiz Əhmədovun sayəsində yenidən şəcərə ilə əlaqə yarada bildiyini dedi: “Ötən il mətbuatda ”Hafiztimes" saytında mən Mirzə Cəlilin Polşada yaşayan nəvələri haqda bir müsahibəni oxudum. Həmin müsahibəni saytın rəhbəri Hafiz Əhmədov hazırlamışdı. Onun bu yazısı məsələyə yenidən qayıtmağa, bu nəsli tapmağa əsas verdi, şərait yaratdı.

Beləliklə, xeyli vaxtdan sonra jurnalistin nömrəsini tapdım və xahiş etdim ki, nəslin davamçılarının ünvanlarını, koordinatlarını versin. Buna görə Hafizə çox təşəkkür edirəm, onun bu işdə çox böyük əməyi var. Əslində onu da bu görüşlərə dəvət etməli idik. Lakin əlaqə tapa bilmədiyimdən dəvət edə bilmədik. Amma sonradan onun əlaqə nömrəsini tapıb zəng etdim və bildirdim ki, hər zaman ədibin davamçıları ilə onu görüşdürməyə hazıram. Hətta rayondan Bakıya gəlməsi üçün lazım olan maliyyəni də üzərimizə götürürük.

Ümumiyyətlə, görkəmli şəxslərin davamçılarını ölkəmizə kimin dəvət etməsindən asılı olmayaraq onların Azərbaycana gəlməsi dövlətimizin dünya azərbaycanlıları miqyasında gördüyü böyük işlərin real nəticəsidir. Bizlər də buna köməklik edirik. İstəyirik ki, soydaşlarımız ölkəmizə qayıtsın, buranı görsünlər".


İsa Həbibbəyli babası haqda məlumatsız olan nəvə və nəticələrdən də söz açıb: “Cəlil Məmmədquluzadənin davamçıları çox sadə adamlardır. Martin Polşadakı şirkətlərin birində sadəcə mühəndis vəzifəsində işləyir. Oğlu isə orta məktəbi bitirib, ali məktəbə daxil ola bilməyib, hazırda kimya sahəsində çalışır. Bizim borcumuz onları cəmiyyətimizə tanıtmaqdır. Qoy onlar da bundan sonra ölkəmizi layiqli təmsil etsinlər, əlaqələr qursunlar. Əslində Teymur Cavanşiri ilə görüşəndə mənə məlum oldu ki, o, babası haqqında məlumatlıdır. Doğrudur, İranda Cəlil Məmmədquluzadənin bir neçə kitabı dəfələrlə fars dilində çap olunub. Lakin nədənsə onlar bu kitablar haqqında az məlumatlı idilər.

Polşada yaşayanlar isə tamamilə bu barədə məlumatsızdırlar. Düşünürəm ki, Cəlil Məmmədquluzadənin kitabları polyak dilində çap olunsa, həm onlar, həm də Polşada yaşayan soydaşlarımız daha çox məlumatlı olarlar. Onun əsərləri Tacikistanda tacik, Bolqarıstanda bolqar, Özbəkistanda özbək dillərində çap edilib. Ümid edirəm ki, yaxın illərdə polyak dilində də çap olunacaq.

Beləliklə, Cəlil Məmmədquluzadənin nəvə və nəticələrini Nizami Muzeyinə apardıq, orada bir sıra azərbaycanlı yazıçılar barəsində məlumatlar verdik, “Molla Nəsrəddin” jurnalının çıxdığı dövrə aid əşyaları, məlumatları gördülər. Yəni həm Azərbaycan, həm də babaları haqqında onlarda nəsə təsəvvür yarandı.



Onların babalarını tanımamaqları onu istəmədiklərindən irəli gəlmir. Məlum olduğu kimi, onlar babalarından uzaq düşüblər, mühacir həyatı yaşayıblar, çox da üzə çıxa bilməyiblər. Bu barədə suçlama verəndə real həyatı da nəzərə almaq lazımdır. Əgər bundan sonra da onlar babalarını tanımasalar, artıq günah bizlik olacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.