Həkim ailəsindəki dəhşətli qətlin sifarişçisi kimdir? - "Nərmin cinayəti" ilə oxşar SENSASİON PARALELLƏR -video

27-01-2020, 17:15           
Həkim ailəsindəki dəhşətli qətlin sifarişçisi kimdir? - "Nərmin cinayəti" ilə oxşar SENSASİON PARALELLƏR -video
Təxminən iki il əvvəl Tovuz rayonunda həkim ailəsində dəhşətli cinayət hadisəsi baş verib. Tovuz rayon Mərkəzi Xəstəxanasının həkimi Pakizə Məmmədova onun həyat yoldaşı Fərman Məmmədov yaşadıqları evdə qətlə yetiriliblər. P.Məmmədova AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. Hazırda cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparsa da, iş hələ də bağlı qalıb.
Ailənin oğlu Qoca Məmmədov Criminal.az-a müraciət edərək bildirib ki, 2018-ci il fevralın 23-dən 24-nə keçən gecə anası ilə atasının yatdığı yerdə xüsusi amansızlıqla öldürülməsindən 2 ilə yaxın vaxt keçsə də, istintaq səmərəsiz aparılır, hələ də cinayəti törədən ya da bu işdə şübhəli bilinən kimsə tapılmayıb:

AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyev
"Buna görə 3 dəfə Baş prokuror Zakir Qaralovun, bir dəfə daxili işlər naziri Vilayət Eyvazovun, bir dəfə də Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olmuşam. Bu işlə bağlı rayonda dindirilməyən adam qalmayıb. Hətta bir nəfər bu işlə bağlı dindiriləndə özünü Tovuz polis şöbəsinin binasının üçüncü mərtəbəsindən atmışdı.

Valideynlərim öldürüləndə anamın yatdığı və öldürüldüyü yerdə, başının altında 3800 manat pul olub, sırğaları güzgünün qarşısında olub, seyf də açıq olub, ona da dəyməyiblər, ikinci mərtəbəyə ümumiyyətlə çıxmayıblar. Evə girən şəxslər heç nə götürməyiblər. Amma istintaq valideynlərimin tamah niyyəti ilə öldürüldükləri maddəsi ilə cinayət işi başladıb. Bu qətli törədən və törədənlər bunu əvvəlcədən planlayıblar və məqsəd məhz atamla anamı öldürmək olub”.

Q.Məmmədov bildirib ki, onlar yaxın qohumlarından şübhələndiklərini bildirsələr də, bu istiqamətdə iş aparılmayıb: "Bizim şübhələndiyimiz adamlar var, mən hesab edirəm ki, bu qətl ailələr arası münaqişə zəminində baş verib. Şübhələndiyimiz adamlar bizim yaxın qohumlarımızdır, onlarla çoxdan ədavətli olmuşuq. Onların adını istintaqa dəfələrlə versək də, həmin adamlar dindirilmir. Valideynlərim ölmədən əvvəl bir dayımın oğlu Orxan qəzada öldü, ondan bir neçə ay sonra digər dayım Ramiz Mirzəyevin oğlu Anar qəzaya düşüb öldü. Anarın yeddisi çıxan günün səhəri anamla atam öldürüldü. Ramiz Mirzəyevin ailəsi dayım oğlanlarının ölümündə həmişə anamı günahlandırırdı, deyirdilər ki, guya anam həmişə onlara qarğış edib və anamın onları qarğımasına görə bu hadisələr olub. İstintaqın düzgün aparılmaması, rayon camaaatını çaşdıran informasiyaların yayılması, qətlə aidiyyatı olmayan insanların istintaqa cəlb edilməsi göstərir ki, cinayətin sifarişçisi güclü adamdır və bun işin açılmasına mane olurlar.Belə olmasaydı, peşəkar prokurorluq işçiləri cinayətin üstünü çoxdan açmışdı. Ölkə başçısından xahiş edirəm, ailəmizdə baş vermiş dəhşətli cinayətin açılmasında bizə köməklik etsin”.

Ramiz Mirzəyevin oğlu Anar
Qoca Məmmədov hadisədən sonra evə gedərkən gördüklərini də danışıb: "Mənə zəng edib dedilər ki, evdə yanğın olub. Rayonda bir həftə əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Anar Mirzəyevin 7 mərasiminə getmişdim. Mən ora gedəndə polis və FHN hələ gəlməmişdi. İçəri girəndə gördüm atam televizora baxdığı yerdə divanda ölüb, anam da yatağında idi. Ev tam yanmamışdı, anamın yatağında biraz yanğın olmuşdu. Amma onun neft, benzin ya kerosinlə yandırıldığı istintaq hələ də müəyyənləşdirə bilməyib. Bu hadisəni törədənlər evə girən kimi atamı divandaca boğub öldürüblər. Sonra anamın əl-ayağını "skoç”la sarıyıb yandırıblar. Sonra da qazı açıq qoyub gediblər, həmin ev çox köhnə olduğu üçün fikirləşiblər ki, yanıb kül olacaq. Amma yanğın evi böyüməyib. Bu işin açılmasını istəməyən vəzifəli şəxslər var ki, buna mane olurlar. Onlar hüquq-mühafizə sistemində işləyirlər və bizim qohumlarımızdır. Həmin vəzifəlilər şübhələndiyimiz və adlarını istintaqa verdiyimiz şəxslərin yaxınlarıdır. Bu şəxslər əqli problemi olan xalam oğlunu qabağa verib ona dedirtmişdilər ki, guya qətli o törədib. Sonra da mətbuata məlumat ötürmüşdülər ki, qətli törədən tutulub. Amma xalam oğlu psixi müalicəyə göndərildi. Sonra məlum oldu ki, xalam oğlu bunu etiraf etmədən əvvəl həmin qohumlarla telefonla danışıb”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri ELdar Sultanov Criminal.az saytına bildirdi ki, hazırda qeyd edilən cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qurban Səfərovun icraatındadır. Qurum rəsmisinin sözlərinə görə, zərərçəkmişin hüquqi varisi Qoca Məmmədovun şikayət ərizəsində göstərilən xüsusatlar istintaq-əməliyyat qrupu tərəfindən araşdırılıb. Hazırda cinayətin açılması istiqamətində zəriru istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eldar Sultanov
E.Sultanov qeyd etdi ki, Q.Məmmədov Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilib, eləcə də istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə ətraflı dindirilib.
Criminal.az xatırladır ki, qətlə yetirilən P.Məmmədova Tovuzun Dondar Quşçu kəndindərir. Bir müddət əvvəl qətli ilə böyük səs-küyə səbəb olan 10 yaşlı Nərmin də məhz həmin kənddə yaşayıb. Hər iki qətldə qatillər öldürdükləri şəxsləri yandırmaqla iz itirməyə çalışıblar. Bu cinayətlər arasında sensasion paralellərin olub-olmaması istintaqçıların araşdıracağı məqamdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.