Azərbaycana soxulan “beşinci kolon”... - ən təhlükəlisi kim və nədir

6-08-2020, 09:00           
Azərbaycana soxulan “beşinci kolon”... -
Azərbaycan heç bir kənar qüvvənin ideoloji və siyasi maraqlarını təmin edən poliqon olmamalıdır. Lakin deməklə iş düzəlmir, ölkə daxilində müxtəlif güclərin, dairələrin təsirində olan qruplar fəaliyyətdədir.

Biz onları müxtəlif siyasi kluarlarda, media, vətəndaş cəmiyyəti üzvləri, sosial şəbəkə aktivistləri, partiya fəalları sıralarında görə bilərik.

Soruşa bilərsiniz ki, onların missiyası nədən ibarətdir? Əlbəttə, ilk baxışda pərakəndə, təşkilatsız görünən, bəzən gerçək niyyətini manipulyasiya edə bilən həmin qruplar “tərəqqipərvər” arzularını dilə gətirirlər.

Onlar azadlıqdan, demokratik quruculuqdan, bəşəri ideyalardan söz açırlar. Cəlbedici də səslənir və adama gəl-gəl deyə bilir.

Amma alt qatında dayanan məqsəd-məramlar nəcib olmur - hansısa paytaxtlarda hazırlanmış ssenarilərin “peşka”larına çevrilirlər.

O baxımdan ölkə daxilində həm ruspərəst, həm Qərbpərəst, həm irançı qruplar mövcuddur, onların təsir dairəsinə düşürlər, mərkəzin təlimatlarını yerinə yetirirlər.

Heç bir dövlət arzulamır ki, kənar qüvvələr ölkəsində “meydan sulasın” və yaxud daxili işlərinə “burun soxsun”, öz “beşinci kolon”unu yaratsın.

Məsələn, ABŞ “qulağının dibi”ndə buna imkan verərmi? Türkiyədə Qərbin təsirində olan adamlara cəmiyyətin münasibəti necə olur?

Ona görə də bu halda biz nə etməliyik, həmin təsir dairəsinə düşən qüvvələrlə necə davranmalıyıq? Azərbaycan üçün hansı qütbdən əsən küləklər daha təhlükəlidir?

AĞ Partiya başqanı Tural Abbaslının fikrincə, istənilən dövlətin ikinci dövlətlərdə maraqları var. Bu haqda “Yeni Müsavat”a danışan partiya sədri hesab edir ki, həm siyasi, həm iqtisadi niyyətlər güdülür:

“Amma hər bir dövlətin funksiyası öz maraqlarını hər şeydən üstün tutmaqdır. Çünki siyasət maraqlar uğrunda mübarizədir.

Azərbaycanda Şimalın, Qərbin, Cənubun maraqları var və təhlükəli iş aparırlar. Ən qorxulusu odur ki, bu işlər xalq tərəfindən mənimsənilir, insanlar aldanaraq görülən işləri qəbul edirlər.

Burada həm dini, həm siyasi təsirlər ola bilər. Təhlükəlisi ondan ibarətdir ki, xalq, sadə insanlar bilmədən tora düşürlər, onlara xidmət edirlər".

T.Abbaslının sözlərinə görə, Azərbaycanda Qərbin şirin yalanlarına, bəzən İranın vədlərinə səmimi şəkildə inanmış adamlar var: “Biz onlara agent, casus və ya kolon deyə bilmərik.

Sadəcə, dövlət öz vətəndaşlarına maraqlarını təlqin etməlidir. Yəni qorxu gücü ilə deyil, təşviqatla, kənar güclərin dediklərinin əksini sübut etməklə bu siyasəti həyata keçirməlidir. İlk növbədə informasiya təhlükəsizliyi əhəmiyyətlidir.

Bu gün dövlətlər top-tüfənglə yox, informasiya ilə içindən idarə olunurlar. Ona görə Azərbaycanda Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür".

Partiya başqanı əlavə etdi ki, dövlət vətəndaşlarla bu istiqamətdə iş aparmalıdır, kənar təsirlər azaldılmalıdır.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova son illərdə Qərbin təsirində olan güclərin aktivləşdiyini düşünür.

Onun sözlərinə görə, Azərbaycanda feministlərin, cinsi azlıqların hüquqlarının qabardılması, Qərbdəki məişət həyatının təbliğ olunması təsadüfi deyil: “Mütləq deyil ki, Avropa və Amerikadakı dairələr siyasi təzyiqlərlə gücünü göstərsinlər. İndi bu istiqamətdə maşın öz qüvvəti ilə işə düşüb. Həmin fondların, qlobalistlərin hədəfləri hüdudsuzdur. Onlar təkcə Azərbaycanda bu təbliğatı gücləndirmirlər, ümumiyyətlə, müxtəlif ölkələrə yad olan, qeyri-ənənəvi ideyaları, liberalizmi ortaya atıblar.

Yəni mən son illərdə Qərbpərəstlərin, liberalların daha aktiv olduğunu görürəm. Onlarla burada ideoloji savaş aparan islamçılar və İrana pozitiv münasibəti olan adamlardır. Ruspərəst qüvvələr bu mühitdə yoxdur və onlar siyasi arsenalda öz işini görür".

Politoloq hesab edir ki, cəmiyyət öz sağlam dayaqlarına söykənməli, tarixi keçmişindəki xətalardan dərs çıxarmalı və inkişafın istiqamətini müəyyənləşdirməlidir: “Dövlətin burada rolu böyükdür. Biz deyə bilmərik ki, iş aparılmır.

Prezident İlham Əliyev bir müddət əvvəl Qərbdə həmcinslərin evlənməsi və s. məsələlərə toxunmuşdu və açıq şəkildə bildirmişdi ki, bizim öz yolumuz var".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.