Razim Məmmədov yol ayrıcında: vəzifəyə, yoxsa həbsə?

23-02-2019, 08:58           
Razim Məmmədov yol ayrıcında: vəzifəyə, yoxsa həbsə?
Sabiq icra başçısının yeni vəzifəyə təyinat alması xəbərinin ardından həbs ediləcəyi iddiası yayılıb
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilməsi ilə bağlı məlumat yayılıb. Sabiq icra başçısının Prezidentin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunması haqda məlumat yayılıb. Prezidentin mətbuat katibi Azər Qasımov axar.az-a açıqlamasında bildirib ki, onda bu təyinatla bağlı heç bir məlumat yoxdur.

Sabiq başçının təyinatı ilə bağlı xəbərlər onun həbsi ediləcəyi ilə bağlı yayılan xəbərlərdən az sonraya təsadüf etdiyindən təəccüb doğurub. Bu da səbəbsiz deyil. Razim Məmmədov icra başçısı olduğu dönəmdə onun fəaliyyəti haqda neqativ məlumatlar səngiməyib. İşdən çıxarılmasının səbəblərindən biri də məhz nöqsanları, bir çox hallarda tutduğu vəzifəyə uyğun olmayan davranışları olub.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Razim Məmmədov əmisi oğlu, uzun illər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Xalid Məmmədov Razim Məmmədovun Xətai rayonunda söküntü-tikinti, alver işlərinə baxan şəxs kimi tanınırdı, onun “qara kassir”i hesab edilirdi. İttihama görə, Xalid Məmmədov qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Hazırda Razim Məmmədovla bağlı da araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Razim Məmmədov vəzifədən çıxarılandan sonra qardaşı Mübariz Məmmədov Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəisi vəzifəsini itirib.

R.Məmmədov ötən il dekabrın 13-də Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra M.Məmmədovun da işdən çxıarılacağı gözlənilən idi. Razim Məmmədovun yaxın ətrafı, qardaşı, əmisi oğlu və digərləri onun Bakı meri postuna gətiriləcəyini iddia edir, bunun üçün müəyyən addımlar da atırdılar. Hacıbala Abutalıbov Bakı meri vəzifəsindən uzaqlaşdırılandan Razim Məmmədov daha ciddi fəaliyyətə keçmişdi. Həmin posta özünün, bu mümkün olmadıqda isə ona yaxın digər başçının təyinat almasına çalışmışdı. Belə məlumatlar da vardı ki, R.Məmmədov Eldar Əzizovun həmin posta gətiriləcəyini bildiyindən onun əleyhinə də addımlar atmışdı. Mətbuatda hazırkı Bakı merinə qarşı neqativ məlumatların yayılmasında onun da “xidmətlərinin” olması iddiası olub. Bu baxımdan Razim Məmmədovun əmisi oğlu Xalid Məmmədovun həbsindən sonra BŞİH-dən istintaqa Xətaidə baş verən qanunsuzluqlarla bağlı qalaq-qalaq materialların göndərilməsini təsadüfi hesab etmək olmaz. Razim Məmmədov oliqarxlaşmış məmurlardan idi. Məsələn, bir neçə il əvvəl o, oğluna 300 min dollar dəyərində avtomobil almışdı. Məlum olmuşdu ki, bu dəbdəbəli maşın Almaniyadan Razim Məmmədovun övladı üçün xüsusi olaraq sifariş edilib. Razim Məmmədova qədər başçılar rayonların ərazisində torpaqları sotla satırdılarsa, o, torpağı kvadrat metrlə, həm də 1 sotun qiymətinə satırdı. Bu “biznesi” Razim Məmmədovu böyük imkanlar sahibinə çevirmişdi. Xalid Məmmədov Xətai rayonu ərazisində tikintilərə nəzarət edib. Ona bu vəzifəni qeyri-rəsmi olaraq Razim Məmmədov tapşırması da həqiqətə yaxın ehtimallardır.

Xətai rayonunu az qala qarış-qarış söküb-tikən “Samir Ağdülü” MMC 2 mart 2007-ci ildə təsis olunub. Hüquqi təmsilçisi Zeynal Cəmil oğlu Həsənovdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 63 MMC-nin hüquqi ünvanıdır. Həmin mənzildə Həsən Müzəffər oğlu Məmmədov yaşayır. Həsən Məmmədov Sumqayıtda “Azərkimya”nın zavodlarından birində işləyir, sahibkar deyil. Müəssisənin hüquqi təmsilçisi Zeynal Həsənov eyni zamanda Xətai Rayon İcra Hakimiyyətində baş mütəxəssis işləyib. Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 34/69, mənzil 9-da qeydiyyatda olan Z.Həsənov icra başçısı Razim Məmmədovun bacısı Alidə Həsənovanın həyat yoldaşıdır. “Samir Ağdülü” MMC-nin adı Razim Məmmədovun bacısı oğlunun adı ilə üst-üstə düşür. Samir Həsənov Zeynal Həsənovun oğludur. Belə bir aşkar korrupsiya sxemi Razim Məmmədovun 12 illik karyerasına son qoyması da şübhəsizdir. Belə bir vaxtda, yaxın ətrafı barəsində cinayət işi məhkəmədə araşdırıldığı, özünün də istintaqa cəlb ediləcəyi istisna edilmədiyi zamanda Razim Məmmədovun vəzifəyə təyinat alması inandırıcı görünmür.

Maraqlıdır ki, Razim Məmmədov vəzifədən çıxarılandan sonra mətbuatla təmaslardan qaçır. Bununla belə, onun da mövqeyini dərc etməyə hazırıq.

E.HÜSEYNOV,
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.