Azərbaycanda həkimlərin yoluxması ilə bağlı İDDİA: - qaldıqları otellərdə...

9-07-2020, 17:02           
 Azərbaycanda həkimlərin yoluxması ilə bağlı İDDİA: - qaldıqları otellərdə...
Azərbaycanda həkimlərin yoluxması ilə bağlı İDDİA:
"Həkimlər, tibb işçiləri və texniki yardım işçiləri arasında SARS-CoV-2 virusu ilə yoluxma sayı günbəgün artmaqdadır. Onların arasında 20-dək ölüm halı baş verib. COVID-19 xəstələrinin müalicəsinə cəlb olunan xüsusi rejimli xəstəxanalarda onlarla həkim, tibb işçisi və texniki işçi hazırda müalicə alır. Bəziləri ev şəraitində müalicə olunurlar. Yoluxmuş və müalicə olunmuş və hazırda müalicəsi davam edən tibb işçilərinin böyük əksəriyyəti peşəkarlardır, özlərini xəstələrinin yolunda fəda edənlərdir.

Həkimlər və tibb işçiləri arasında Azərbaycan praktik anesteziologiya və reanimatologiya kimi ən ağır, ən mürəkkəb tibb sahəsinin generalı kimi tanınmış məşhur həkim Cavid Paşayev COVID-19 xəstəliyinin ağır forması ilə mücadilə edir, ölüm-qalım mübarizəsi aparır. Ona şəfa diləyir, dualarımızı əsirgəmir, tezliklə ailəsinə, cəmiyyətə və səhiyyəmizə dönüşünü arzulayırıq".
Bu barədə Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a məlumat verib. O bildirib ki, Azərbaycanda pandemiyanın başladığı ilk vaxtlarda, bu təhlükəli infeksiyaya yoluxmuşlar stasionara qədərki mərhələnin, yeni poliklinikaların, ginekoloji konsultasiyaların, təcili tibb yardım stansiyalarının, adi xəstəxanaların tibbi personalı idi: "Bu, təbii idi və dünya ölkələrində də eyni vəziyyət idi. Çünki bu mərhələdə fəaliyyət göstərən tibb və texniki işçilər fərdi bioloji mühafizə vasitələri ilə təchiz olunmamışdılar, peşə fəaliyyətləri ilə əlaqədar olaraq adi xəstələrlə, insanlarla daha çox ünsiyyətdə olurlar. Son günlərdə Azərbaycanda digər ölkələrdə, xüsusilə Avropa və Amerika ölkələrində təzahür etməyən ağır situasiya yaranıb. İyun ayında və iyul ayının ilk dekadasında ölkəmizdə koronavirus infeksiyası ilə yoluxmuş tibb və texniki işçilər arasında bilavasitə xüsusi rejimli koronavirus xəstəxanalarında işləyən tibb və texniki işçilər, o cümlədən həkimlər çoxluq təşkil edirlər. Bu faktdır. Artıq Tibb Universitetinin reanimasiya şöbəsinin 21 işçisi yoluxma səbəbindən elə həmin xəstəxanada müalicə olunur. Bu fakt və onu doğuran səbəblər üzərində Nazirlər Kabineti yanında Operativ Qərargah, Səhiyyə Nazirliyi, TƏBİB tərəfindən tutarlı məlumatlar verilmir".

"Qərargahın brifinqlərində jurnalistlər tərəfindən verilən çoxsaylı, əksəriyyəti real əhəmiyyət daşımayan "növbətçi" suallar arasında bu tip arqumentar-faktoloji suallar səsləndirilmir. Səsləndirildiyi halda belə cavablar yayındırılır, əsas mahiyyəti əks etdirmir. Sual isə konkretdir: nə üçün xususilə Bakı şəhərində xüsusi rejimli xəstəxanalarda işləyən tibb və texniki işçilər, həmçinin həkimlər arasında son 1 ayda yoluxma hadisələri kəskin artıb? Səbəb nədir, səbəblər nədir?
Lakonik, qısa sual qərərgahda eşidilməyəcək. Ən yaxşı halda yayğın, mücərrəd cavab eşidəcəyik. Bu sualın cavabı isə belədir: Bakı şəhərində mart ayının sonlarından bu günə qədər COVID-19 xəstələrinin müalicəsi ən modern, ən möhtəşəm, ən gözəl, ən müasir avadanlıqlarla, dərman preparatları və müalicə vasitələri ilə təchiz edilmiş, ən yüksək səviyyəli ixtisaslaşmış tibb heyəti olan bu xəstəxanalarda və mərkəzlərdə aparılır: Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə və terapevtik klinikaları, Mərkəzi Neftçilər Xəstəxanası, təzəcə açılmış 575 yerlik, Avropanın ən gözəl mərkəzi - "Yeni klinika", Bakı Sağlamlıq Mərkəzi, son 10 gündə Şəhər 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko adı ilə tanınan).

Bu xəstəxanalarda ölkənin SARS-CoV-2 infeksiyasına yoluxmuş xəstələrinin ən azı yarısı müalicə olunmuş, sağalmış və müalicə olunurlar. Məncə, onların sayı təxminən 11-13 mindir. Həmin xəstəxanaların hamısının həkimləri, tibb və texniki işçiləri ötən müddətdə Ağ şəhərdə, 5 ulduzlu "Boulevard Hotel"də yerləşdiriliblər. Ara-sıra narazılıqlar olsa da, ümumən hotel rəhbərliyi və işçiləri tərəfindən tibb və texniki işçilərə, həkimlərə qayğı, qulluq, qida təminatı qənaətbəxşdir, insanların keyfiyətli istirahəti xeyli əlverişlidir.

"Boulevard Hotel"in ciddi çatışmayan cəhətləri - havalandırma sisteminin olmaması, bütün otaqlarda pəncərənin olmaması, yalnız bir divarın qapalı şüşədən ibarət olması, dəhlizlərdə xalça-kovrolitin olması, keyfiyyətli təmizləmə və dezinfeksiya işlərinin aparılmasının mümkünsüzlüyü, hoteldə eyni vaxtda qalan 300-500 tibb işçisinin, texniki yardım işçilərinin və həkimlərin koronavirus infeksiyası ilə yoluxmasının əsas şərtləridir", - deyə həkim əlavə edib.
O bildirir ki, xüsusi rejimli stasionar xəstəxanada yoluxmuş şəxs infeksiyanı hotelə gətirir: "Qeyd etdiyim qeyri-münbit şərait hoteldaxili yoluxmalara rəvac verib, verməkdədir. Çünki hotel karantin rejiminə uyğun deyil və onun uyğunlaşdırılması mümkünsüzdür. Nə etməli? Tibb işçilərinin dislokasiyası təcili dəyişdirilməli, onlar 20-30 nəfərlik kiçik qruplara ayrılmalı və yataqxana tipli, havalanma sistemi, pəncərələri və eyvanları olan, dəhlizləri metlax, "linoleumla" döşənmiş, xalçasız-kovrolitsiz olan (asan yuyulan və dezinfeksiya edilən) hotellər və uyğun binalara yerləşdirilməlidirlər. Xüsusi rejimli koronavirus xəstəxanalarında işləyən bütün işçilərin həftədə azı 1 dəfə tibbi müayinəsi aparılmalı, yoluxmuşlar təcrid və müalicə edilməlidirlər. Əks halda, qərargah həkim axtarışına başlayacaq".
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.