Operativ Qərargahdan gecikmiş etiraf: - 6 ayın məsuliyyətini kim daşıyacaq?

17-09-2020, 09:49           
 Operativ Qərargahdan gecikmiş etiraf: - 6 ayın məsuliyyətini kim daşıyacaq?
Dünyanın əksər ölkələrində tətbiq edilən sərt karatin rejiminin faydaları ilə yanaşı, zərərləri də ortaya çıxdığı bir zamanda Ümumdünya Səhiyyə Təşkilatı bundan sonra dünyanın yenidən qapadılmasına ehtiyac olmadığını bildirib.

Vaxtilə karantin tətbiq olunmasının vacibliyindən danışanlar indi bunun əhəmiyyətsiz olduğunu deyirlər. Belə şəxslərdən biri də Operativ Qərargahın tibb eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov olub:

“Artıq konkret bir qərar verildi. Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVID-19 virusu ilə mübarizədə heç bir faydasının olmadığı, hətta zərərinin daha çox olduğu sübut olundu. Əslində zərərinin çox olduğunu hamı bilirdi. Amma tibbi nöqteyi-nəzərdən faydasına görə karantin olunurdu, amma görüldü ki, faydası da yoxdur. Bundan sonra ən ağır, pik hadisələr olsa belə, parklarımız bağlanmayacaq. Bizim məsafəli yürüş edib, maskamızı istifadə etdikdən sonra həyat olduğu kimi davam edəcək. Əvvəlki məhdudiyyətlərin bizim üçün yaratdığı fiziki passivlik mənfi nəticəsini verir. İdmançılarda bunu görürük, bu, hamımıza aiddir. Virusa görə zərərlər dəydi, hesablamaların düzgün aparılmadığı tərəflər oldu. Bu, bütün dünya üçün keçərli oldu”.

Qeyd edək ki, dünyada karantin rejimi tətbiq etməyən ölkə kimi İsveç nümunəsi ortdadır. İndi tədqiqatlar göstərir ki, bu ölkədə xəstəliyin artım tempi ilə karantin tətbiq edən ölkələr arasında ciddi fərq olmadı. Almaniyada test nəticələri müsbət olan, amma fəsadları özünü kəskin formada göstərməyən xəstələr karantinə alınmadı, onlar digərlərinə keçirməmək üçün maska taxmaq şərtilə evlərinə buraxıldılar. Bunları nəzərə alan ÜST sonrakı mərhələlərdə məhz İsveç təcrübəsini əsas götürməyə çağırdı.

Azərbaycanda da 6 aya yaxın müddətdə ən sərt karantin tədbirləri görüldü. İnsanlar evə qapadıldı, əyani tədris dayandırıldı, istehsal, ictimai iaşə obyektləri bağlandı, rayonlara gediş-gəlişə ciddi məhdudiyyətlər tətbiq olundu. Karantin tədbirləri ölkə iqtisadiyyatına ciddi zərbə olmaqla yanaşı, insanların maddi, psixoloji durumuna da təsir etdi. Bir çox ailələr çıxılmaz duruma düşdü. İndi qapanmanın ciddi təsirinin olmaması dünyada müzakirə mövzusudur. Bunu lazımı vaxtında tədbir görməyib, sonradan “dünyanı qapadan” ÜST də etiraf etdi.

Təşkilatın etirafından sonra Azərbaycanda Operativ Qərargah da etiraflara başladı. İndi karantin təbirlərinin ciddi faydasının olmadığı bildirilir.

Belə olan halda suallar yaranır. Bunun məsuliyyəti kimin üzərinə düşür? Əvvəlcədən bunları tədqiq edib, daha doğru qərar vermək olmazdımı? Hər halda Qərargahın tibbi ekspertinin son çıxışı da bu sualların boş yerdən yaranmadığını və insanların uzun müddətdir ki, müzakirə etdiyi məsələnin artıq ekspert-deputat səviyyəsində dilə gətirildiyini göstərir.

Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinikasının şöbə müdiri Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, ilkin vaxtlarda karantinin tətbiqi öz nəticəsini verib:

“Martda karantin tətbiq edildi və faktiki olaraq yoluxma sayında azalma oldu. Bundan sonra yumşalma oldu və yoluxma sayı artdı, sərtləşmə olan zaman isə yenidən azaldı. Xəstəlik ölkəmizdə yeni yayılan zaman biz onu tanımırdıq. Yoluxma yolları müxtəlif cür izah olunurdu. Buna görə də sərt karantin rejimi qaçılmaz idi. Sonra müəyyən nüanslar aşkar olundu. Məlum oldu ki, virus ən çox hava damcı yolu ilə keçir. İnsanların əksəriyyətinin yüngül keçirdiyi də məlum oldu”.

Aydın Əliyev hesab edir ki, insanların qaydalara əməl etməyəcəyi təqdirdə yumşadılmalar virusun yenidən artmasına səbəb ola bilər:

“Düşünürəm ki, tətbiq olunan qaydalarda bir sıra səhvlər oldu. Virus yeni yayılan zaman test analizi müsbət olan, amma şikayətləri olmayan adamları zorla polis, təcili yardım maşınlarına qoyub karantinə aparmaq təşviş yaratdı. Bu, səhv addım idi. Eləcə də həftəsonu sərt karantinlərin tətbiqi səhv addım idi. Cümə günü insanlar marketlərə axışırdı və yoluxma sayı artırdı. Ev heyvanlarının çölə buraxılması, insanların isə buraxılmaması da yalnış qərar idi. Amma karantinin tətbiqinin faydası olmadığı haqda fikirlərlə razı deyiləm. Pandemiya xəstəxanasında işləyən bir həkim kimi deyirəm ki, bəzi səhv qərarlar verilsə də, karantin rejiminin effekti oldu. Artıq yoluxma sayı artacaqsa, kütləvi deyil, seçici formada karantin tətbiq olunacaq”.

ATU-nun Formokologiya fakültəsinin dosenti Aydın Əliyev isə bildirib ki, koronavirus dünyada sağlamlıq mədəniyyəti formalaşdırıb:

“Pandemiya yayılan zaman “ölənlər ölsün, qalanlar qalsın” kimi yanaşmanın tətbiqini düzgün hesab etmirəm. İqtisadiyyatın geriləməsi isə həkimlərin məsuliyyətində olan məsələ deyil. Məsuliyyətli şəxslər təhlükəsizlik tədbirləri görməklə işlərini qura bilərdilər. Biz həkimlər sağlamlıq tədbirlərini görməliyik. Mən də karantinin yumşaldılmasının tərəfdarıyam, amma həkimlərin dediyi qaydaları gözləməklə”.

Aydın Əliyev bir məqama da toxunaraq qeyd edib ki, virusla mübarizənin ən vacib şərti immunitetin gücləndirilməsidir:

“İmmunsistemini gücləndirməklə maska taxmaqdan daha effektiv nəticə ala bilərik. Xaricdən keyfiyyətsiz məhsullar gətirməklə bədənimizin immunitetini məhv edirlər. Bunların qarşısı alınmalıdır. Sahibkarlara, onlara icazə verənlərə üz tuturam ki, bu cür məhsullarla bədənimizi məhv etməsinlər”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.